“Prezident nə vaxt zəruri hesab edirsə…” - YAP-dan seçkilərlə bağlı açıqlama

“Prezident nə vaxt zəruri hesab edirsə…”
Oxunma sayı: 2133

“Növbədənkənar prezident seçkilərinin keçirilməsi Azərbaycan Prezidentinin səlahiyyətinə aid olan məsələdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, 2016-cı il sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləndə Prezidentə növbədənkənar prezident seçkiləri elan etmək hüququ verildi və xalq da yekdilliklə bu məsələyə səs verdi:

“Bu məsələ, həmçinin Seçki Məcəlləsində öz əksini tapıb. Bu baxımdan da növbədənkənar prezident seçkilərinin keçirilməsi dövlət başçısının səlahiyyətinə daxil olan bir məsələdir. Prezident nə vaxt zəruri hesab edirsə, o zaman da belə bir qərar qəbul edir. İndi də cənab Prezident zəruri hesab etdi ki, bu il prezident seçkiləri oktyabrda deyil, aprelin 11-də keçirilsin və bununla bağlı sərəncam imzaladı”.

S.Novruzov vurğulayıb ki, YAP adətən seçkilərə hazırlığa bir il qabaqcadan başlayır və kifayət qədər seçki təcrübəsi var: “Yeni Azərbaycan Partiyası bu gün də seçkilərə tam hazırdır və namizədini irəli sürüb qələbə əldə edə bilər”.

YAP icra katibinin müavini deyib ki, Azərbaycanda azad, ədalətli, demokratik və şəffaf seçkilər keçirilməsi üçün əlverişli mühit var, qanunlar buna imkan verir və kim istəyirsə, namizədliyini irəli sürülə bilər.

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi