Prezident Poroşenko ilə görüşdü - Fotolar

prezident-porosenko-ile-gorusdu
Oxunma sayı: 1866

Noyabrın 23-də Brüsseldə Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyevlə Petro Poroşenkonun görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Petro Poroşenkonun Azərbaycana səfərini xatırladaraq, bu səfərdən ötən müddət ərzində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın həyata keçirildiyini və yaxşı nəticələrin əldə olunduğunu qeyd edib. 

Ukrayna dövləti başçısının Bakıya səfəri zamanı siyasi, iqtisadi, energetika, nəqliyyat, beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı müzakirələrin aparıldığını deyən İlham Əliyev ümidvar olduğunu bildirib ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılacaq və bunun üçün yaxşı potensial mövcuddur.

P. Poroşenko İlham Əliyevə Ukrayna-Azərbaycan dostluq münasibətlərinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyevlə Davosda və Bakıda keçirdikləri görüşləri məmnunluqla xatırlayan Petro Poroşenko həmin görüşlər zamanı əldə edilən razılaşmaların reallaşdırılmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanın Ukraynaya ixracının artmasını iqtisadi əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.