Prezident soruşdu, Eldar Əzizov cavab verdi

prezident-sorusdu-eldar-ezizov-cavab-verdi
Oxunma sayı: 5744

Bu gün Prezident İlham Əliyev Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və məktəbin direktoru Məlahət Əsədova dövlət başçısına görülən işlərlə bağlı məlumat veriblər.

- Prezident İlham Əliyev: Bu məktəb əsaslı təmir olunub?

- Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov: Xeyr, sökülüb, yenidən tikilib. Üç il fəaliyyətsiz olub.

Bildirilib ki, məktəbin binası 1938-ci ildə istifadəyə verilib. O zaman 360 yerlik binada ümumilikdə 2 növbədə 800 şagird təhsil alıb. Bu təhsil ocağı qəzalı vəziyyətdə olduğundan fəaliyyətini dayandırıb və müvəqqəti olaraq 140 saylı tam orta məktəbdə fəaliyyət göstərib. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbir Planına əsasən, 2019-cu ilin mayında məktəbin mövcud binası sökülərək yerində yenisi inşa olunub. 360 şagird yerlik yeni məktəb binası müasirliyi ilə seçilir. Burada müxtəlif fənn otaqları bütün zəruri inventarla təchiz olunub. Bir sözlə, təhsil müəssisəsində şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri, müəllimlərin isə pedaqoji fəaliyyətlə yüksək səviyyədə məşğul olmaları üçün hərtərəfli imkanlar var.

Prezident İlham Əliyev: Təbrik edirəm. Sizə uğurlar arzulayıram.

Məlahət Əsədova: Cənab Prezident, şagirdlər və valideynlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun ki, kənd yerində belə bir gözəl məktəb tikdirmisiniz.

Prezident İlham Əliyev: Şəhərimizin hər bir yerində məktəblər tikilir, əsaslı təmir olunur, bu proqram uğurla icra edilir. Bu məktəbin yenidən tikilməsi bizim siyasətimizi əks etdirir. Təhsil sahəsinə göstərilən diqqət, eyni zamanda, infrastrukturun yaranmasında da özünü əks etdirir. Valideynlərə də, müəllimlərə də salam söyləyin. Sağ olun.

Məlahət Əsədova: Sağ olun cənab Prezident.