Prezident Sumqayıtda açılış etdi

prezident-sumqayitda-acilis-etdi
Oxunma sayı: 639

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Sumqayıt Olimpiya İdman Kompleksi haqqında məlumat verdi. Bildirildi ki, inşasına 2007-ci ildə başlanılan kompleksin tikintialtı sahəsi 4953, ümumi tikinti işlərinin sahəsi isə 13 min 477 kvadratmetrdir.

Dövləti başçısı və xanımı əvvəlcə kompleksin üçmərtəbəli binasındakı trenajor, ağır atletika zalları, tir otağı və kinozal ilə tanış oldular. Diqqətə çatdırıldı ki, ümumi sahəsi 2160 kvadratmetr olan 800 yerlik universal idman zalı burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. Uzunluğu 47,6, eni isə 23,3 metr olan zalda basketbol, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılmışdır. Buradakı üzgüçülük hovuzunun uzunluğu 25, eni isə 12,5 metrdir. Ən müasir standartlar səviyyəsində yaradılmış bu idman qurğusunda İtaliya istehsalı olan və dünyanın aparıcı ölkələrində istifadə edilən xüsusi nəmalma qurğusu var.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıt Olimpiya İdman Kompleksi ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxanada yaradılmış şəraitlə tanış oldular. Bildirildi ki, 42 yerlik mehmanxanada otaqların 17-si iki, 7-si bir çarpayılıqdır. Burada bir lüks otaq da yaradılmışdır. Mehmanxanada ən müasir standartlar səviyyəsində yeməkxana da fəaliyyət göstərəcək.

Daha sonra Prezident İlham Əliyev uzunluğu 65, eni isə 40 metr olan süni örtüklü futbol meydançası ilə tanış oldu. Bildirildi ki, burada 110 metr uzunluğunda qaçış zolağı, açıq basketbol, voleybol və tennis meydançaları da inşa edilib. Komplekslə tanışlıqdan sonra Azərbaycan Prezidenti burada şəhər ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşdü.

Dövlət başçısı ölkəmizdə olimpiya hərəkatının inkişafındakı xidmətlərinə, eləcə də müxtəlif idman yarışlarında əldə etdiyi nailiyyətlərə görə bir qrup şəxsə fəxri fərmanlar, yüksək fəxri adların vəsiqələrini və mənzillərin orderlərini təqdim etdi.