Prezident təhsil və səhiyyə sistemindən danışdı

prezident-tehsil-ve-sehiyye-sisteminden-danisdi
Oxunma sayı: 2091

“Təhsil sahəsində islahatlar aparılır. Bunun nəticəsində müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artmışdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün bir qrup mədəniyyət və incəsənət xadimi ilə keçirdiyi görüşdə deyib. Onun sözlərinə görə, müəllim peşəsinə ənənəvi hörmət cəmiyyətə qayıdır və bu, islahatlar nəticəsində mümkün olmuşdur:

“Əlbəttə ki, təhsil sahəsinin maddi texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikintisi  böyük dəyişikliklərə gətirib çıxardı. Səhiyyə sahəsində çox  ciddi islahatlar aparılır. Gələn ildən biz icbari tibbi sığorta sisteminə keçəcəyik. Bir neçə şəhərdə pilot layihələri icra etdik. Bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Səhiyyə sahəsində şəffaflıq bu şəhərlərdə tam təmin edilib. 

Deyə bilərəm ki, beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankının nümayəndələri ilə görüşümdə bunu çox yüksək qiymətləndiriblər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək. Bu, çox ciddi bir islahatdır. Sadə məsələ deyil. Bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər və bunu əldə edə bilmirdilər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq. Səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Nəzərə alsaq ki, keçən dövrdə biz bütün şəhərlərimizə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik. Yəni infrastruktur mövcuddur”.