Prezident xalqa müraciət etdi

prezident-xalqa-muraciet-etdi
Oxunma sayı: 647

"Şayiələr vacib deyil. Zaman əsasdır. Ölkəmiz dönüş nöqtəsindədir. Günahsız insanların qanları axıdılır. Ancaq mən hər şeyin düzələcəyinə ümid bəsləyirəm. İstiqlaliyyətimiz təhlükə altında qaldı, cinayətlər törədildi. Şəxsi mülkiyyətə ziyan vuruldu, təhlükəsizlik qüvvələri də itkilər verdi. Bu, hamımız, ölkəmiz üçün böyük bir itkidir. Amma bu itkilər bizi düşünməyə məcbur edir. Bunların müsbət tərəfləri də var. Bütün bunlar bizim ölkəmiz üçün mühüm bir sınaqdır. Zamanı geri çevirmək mümkün olmadığından sadəcə gələcəyə baxmaq lazımdır. Gələcəyimizi özümüz qura bilərik, bu hadisələri geridə qoyaraq irəli getməliyik. Bütün şəhidlərin düzgün bir məqsəd üçün canlarını qurban verdiyini düşünmək lazımdır"-deyə Suriya prezidenti qeyd edib.

Bəşər Əsəd mətbuatda və siyasət aləmində müşahidə edilən hər şeyi düzgün qiymətləndirməyə çağırıb. Ölkəsinin xaricdən təxribatla üz-üzə qaldığını vurğulayan Suriya prezidenti təxribatlardan qorunmaq üçün zəif cəhətlərlə mübarizə aparmağın vacibliyini qeyd edib. O, insanların əllərindəki telefonlardan da bu təxribatlara dəstək kimi istifadə olunduğunu deyib.

Bəşər Əsəd baş verənləri keçmişdə qoyaraq müzakirələr çərçivəsinə salmağa hazır olduğunu bəyan edib, ölkənin və xalqın gələcəyi barədə düşünməyə çağırıb. O, xalqın tələblərinə diqqətlə yanaşmağı və müvafiq islahatları keçirməyi vəd edib. Suriya prezidenti ədliyyə nazirliyinin amnistiya təklifini genişləndirməyin yollarını nəzərdən keçirdiyini də bildirib. Ölkənin şimalındakı Naaman şəhərinə qüvvə yeridilməsinə də toxunan Bəşər Əsəd deyib ki, hökumətə qarşı müqavimət göstərənlər silahlara malikdir və bu, ordunun müdaxiləsinə məcbur edib. O, Suriyanın gənc nəslinə ölkənin qanuni rəhbərliyinə hörmət etməməyin öyrədilməsinə də narahatlıq ifadə edib.

Qeyd edək ki, bu, Suriyada daha böyük azadlıq və demokratik islahatlar tələbi ilə martda etirazların baş qaldırmasından bəri Bəşər Əsədin üçüncü böyük çıxışıdır. Suriya prezidenti birinci dəfə anti-hökumət nümayişlərindən 2 həftə sonra, yəni martın 30-da parlamentə müraciət etmişdi. İkinci dəfə isə aprelin 16-da televiziya ilə müraciət etmişdi.