Prezidentin cinayətkarla fotosu ölkəni qarışdırdı

prezidentin-cinayetkarla-fotosu-olkeni-qarisdirdi
Oxunma sayı: 643

Çeçenistan prezidenti Ramzan Kadırovun adı qalmaqalda hallanır.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kadırovun “İnstagram”da “Spartak”ın azarkeşi Yuri Valkovun qətlinin iştirakçısı Bekhan İbrahimovla şəkli yerləşdirilib. Bu isə qalmaqala səbəb olub. Prezidentin abunəçiləri şəklin altında tənqidi şərhlər yazıblar. Kadırov isə profilində bu halı dəyərləndirərək status yazıb: “Mən artıq öz abunəçilərimi heç anlaya bilmirəm. Deyirsiniz ki, korrupsiya ilə mübarizə aparıb rüşvətxorları cəzalandırmaq lazımdır. Amma bu ölkədə real hərəkətlər görəndə məmur tərəfindən qeyri-qanuni hərəkətləri aşkar edilmiş insanları ittiham etməyə başlayırsınız”.

Çeçenistan prezidentinin sözlərinə görə, abunəçilərin şərhləri boşboğazlıqdan başqa bir şey deyil: “Ona görə də, düşünürəm ki, “İnstagram”dakı hesabımı ləğv edib öz işimlə məşğul olmalıyam”.

Qeyd edək ki, R. Kadırov mayın 14-də “İnstagram” səhifəsində “Spartak”ın azarkeşi Yuri Valkovun qətlini törədən Bekhan İbrahimovla şəklinin yerləşdirib. Bekhan cinayəti 2010-cu ildə törədib və 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Prezidentin cinayətkarla şəkli sosial şəbəkələrdə və KİV-də geniş müzakirələrə səbəb olub. Sonradan bəlli olub ki, Çeçenistan Respublikası Ali Məhkəməsinin 7 may 2013-cü il qərarı ilə B. İbrahimov şərti azadlığa buraxılıb.

Prezidentin mətbuat katibi Alvi Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, Kadırov cinayətkarla şəklinin çəkilməsindən xəbərsiz olub: “İbrahimov respublika rəhbərinə yardım üçün müraciət edib. Bildirib ki, viza xidmətində pasporta görə ondan pul tələb edirlər. Araşdırma aparıldı, viza xidmətinin əməkdaşı və həmin şəxs gətirildi.
Hər gün Kadırovun 100 şəkli çəkilir, o, hər gün kiminləsə söhbət edir. Onun İbrahimovun məhkum olub-olmamasından heç bir xəbəri yox idi. Əgər o, bu insanın daha öncə məhkum olduğunu və azadlığa buraxıldığını bilsə idi, əksinə onun sənədləri tez bir zamanda əldə etməsi üçün ona qarşı daha çox diqqət göstərmək lazım idi”.