Prezidentin güvəndiyi gənc kadrlar harda təhsil alıb?

prezidentin-guvendiyi-genc-kadrlar-harda-tehsil-alib
Oxunma sayı: 10381

Hökumət strukturunda, xüsusilə də Nazirlər Kabinetində gənclərin yer almaması tez-tez sosial şəbəkələrdə müzakirələrə səbəb olurdu.

Aprelin 11-də keçirilən  prezident seçkilərindən sonra iqtidarın öz komandasında ciddi dəyişliklərə getməsi, xüsusilə də,  Nazirlər Kabinetində gənclərə də yer verməsi təqdir edilən hal olub. Bununla yanaşı, hökumətin yüksək postlarına təyin olunan şəxslər arasında dünyanın bir çox tanınmış universitetlərinin tələbələri, eləcə də təcrübə proqramlarının iştirakçıları yer alır. 

“Qafqazinfo” bu məqamda yeni dəyişikliklərdən sonra mühüm hökumət postlarında yer tutan şəxslərin təhsil xronikasını təqdim edir:

Kənd Təsərrüfatı naziri İnam Kərimov ilk təhsilini Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında alıb. ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirən İnam Kərimov daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. O, 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edilən və Nazirlər Kabinetinin ən gənc nümayəndəsi Sahil Babayev Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev orta məktəbi Bakı şəhərində bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olub. O, həmçinin Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

Təhsil naziri təyin Ceyhun Bayramov ilk təhsilini Bakı şəhərində gümüş medalla bitirib. Daha sonra, qəbul olduğu Azərbaycan Dövlət İqtisad Universitetini də fərqlənmə diplomu ilə tamamlayan  C. Bayramov, eyni zamanda  Azərbaycan Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

Dövlət Miqrasiya Xidmətinə rəis təyin olunmuş Vüsal Hüseynov Harvard məzunudur. Bakalavr dərəcəsini Azərbaycan Dövlət İqtisad Universitetininin iqtisadiyyat fakültəsində alan V. Hüseynov 1 il müddətində Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib. Daha sonra, UNEC-də beynəlxalq iqtisadi münasibətlər üzrə ilk magistr təhsilini alıb.

O, 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə, iki il sonra isə Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub. Təhsili müddətində  Xaricdə təhsil üzrə Dövlət proqramı çərçivəsində təqaüd alan V. Hüseynov 2011-ci ildə Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

Yeni yaradılmış Dövlət Turizm Agentliyinə sədr təyin olunmuş Fuad Nağıyev bakalavr dərəcəsini Bakı Dövlət Universitetin Hüquq fakultəsində alıb. Təhsilini AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam etdirən F. Nağıyev İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.

Daha sonra, o, Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr və magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunmuş Fuad Muradov Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində "sənayesində ətraf mühitin qorunması" ixtisası üzrə magistr dərəcəsini alıb. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır.

Günel Hacı