Prezidentin məcburi köçkünlə - Söhbəti

prezidentin-mecburi-kockunle-sohbeti
Oxunma sayı: 649

Ötən gün Masazır qəsəbəsində məcburi köçkünlər üçün tikilən yeni binaların açılışında iştirak edən prezident İlham Əliyev Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində yaradılan şəraitlə tanış olub. “Qafqazinfo” Azərtaca istinadən xəbər verir ki, prezidentə məlumat verilib ki, ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Vəli Quliyevin mənzili üçotaqlıdır. Mənzildə ailənin rahatlığı üçün hər cür şərait yaradılıb. Dövlət başçısı çay süfrəsi ətrafında mənzilin sahibi ilə söhbət edib.

İlham ƏLİYEV:
Təbrik edirəm sizi. Gözəl qəsəbədir, gözəl mənzildir. İşğaldan sonra köçkünləri yataqxanalara, çadır şəhərciklərinə köçürmüşlər. Uzun illər siz orada çətin, ağır şəraitdə yaşamısınız. Amma indi dövlətin imkanları genişlənir. Bu istiqamətdə məqsədyönlü şəkildə dövlət siyasəti aparılır. Ona görə bütün köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet məsələdir. Belə qəsəbələrin sayı çoxdur. Keçən il Müşfiqabadda buna bənzər bir məhəllənin açılışında iştirak etmişəm. Bu il artıq bu gözəl məhəllə istifadəyə verilir. Bundan sonra da olacaqdır, Mingəçevirdə olacaqdır. Ona görə bu proses davam edir və artıq burada rahat yaşamaq mümkün olacaqdır. Ancaq bu, yenə də deyirəm, müvəqqəti yaşayış yeridir. Əsas məsələ öz həllini tapandan, torpaqlarımız işğalçılardan azad olunandan sonra Zəngilanda, digər şəhər və rayonlarımızda bundan da gözəl evlər tikəcəyik.

Ev sahibi Vəli QULİYEV:
Çox sağ olun, cənab Prezident. Bizə belə gözəl şərait yaratdığınız, bizə göstərdiyiniz qayğı üçün bütün köçkünlər adından, ailəmiz adından, öz adımdan Sizə təşəkkür edirəm. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Qarşıdan prezident seçkiləri gəlir. Sizin prezidentliyə namizədliyinizi biz - bütün köçkünlər, hamımız dəstəkləyəcəyik. Biz indiyədək çətin vəziyyətdə, ağır şəraitdə yaşamışıq. İndi şükür Allaha gözəl binalar tikilir, bizə gözəl otaqlar bəxş etmisiniz. Ona görə də sizə minnətdarıq, təşəkkür edirik.

İlham ƏLİYEV:
Hər şey ardıcıllıqla öz həllini tapır. Əlbəttə, ilk növbədə biz çadırda yaşayanların problemlərini həll etmişik. Onlar uzun illər idi ki, daha da ağır vəziyyətdə yaşayırdılar. Sonra fin qəsəbələrində yaşayanların problemini həll etdik. Qalır yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə yaşayanlar. Onların da problemini həll edəcəyik. İndi həm də dövlətin imkanları var və ən önəmlisi, dövlət siyasəti vardır. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial cəhətdən ən az müdafiə olunan təbəqə, yəni məcburi köçkünlərin problemlərinin həlli prioritetdir. Bunu dəfələrlə Ulu Öndər də bəyan etmişdir, mən də, bundan böyük prioritet ola bilməz. Artıq bu qəsəbə özlüyündə bir göstəricidir. Bu, eyni zamanda, yeni bir yanaşma tərzidir. Yəni, əvvəllər də, indi də xüsusilə rayon yerlərində fərdi evlər tikilir. Ancaq siz artıq 20 ildir şəhər şəraitində yaşayırsınız. Burada şəhər tipli evlərin tikilməsi məqsədəuyğun idi. Evlər də hamısı çox gözəl, qəsəbə də belə gözəl planlaşdırılmışdır. Şəhərcikdir, burada 3500-ə qədər insan rahat yaşayacaqdır. Tibb məntəqəsi, məktəb, uşaq bağçası. Görürəm, burada istilik sistemi, qaz, işıq, su da vardır. Bu, təbiidir. İş yerləri ilə bağlı, işləyirsiniz?

Vəli QULİYEV:
Mən özüm indi təqaüddəyəm. Əvvəl işləmişəm.

İlham ƏLİYEV:
Təqaüd alırsınız?

Vəli QULİYEV:
Bəli, alıram.

İlham ƏLİYEV: Bəs uşaqlar necə?

Vəli QULİYEV:
Uşaqlar işləyirlər.

Əli HƏSƏNOV:
Cənab Prezident, tapşırığınız oldu ki, elə yer seçək ki, iş yerləri itirilməsin. Yəni, bir problem həll olunursa, o birisi yaranmasın. O cür də icra olunur.

İlham ƏLİYEV:
İndi yeni yollar tikilir, dairəvi yol, ondan sonra Bakı-Sumqayıt yolu.

Əli HƏSƏNOV:
Bəli, buradan gəlib keçir.

İlham Əliyev: Hələ Masazırın öz yolu da yenidən tikilibdir.
İndi beynəlxalq qurumlar da bunu qeyd edir ki, Azərbaycanda bu məsələyə göstərilən diqqət və yanaşma bütün başqa ölkələr üçün də nümunədir. Çünki beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri, xarici dövlətlərin nümayəndələri vaxtaşırı qəsəbələrə gəlir, tanış olurlar. Xüsusilə qaçqınlarla bağlı məsələlərə cavabdeh olan şəxslər də birmənalı qaydada deyirlər ki, Azərbaycanda bu məsələ ən yüksək səviyyədə həll olunur. Yəni, belə evlər, belə qəsəbələr heç bir ölkədə tikilmir.

Dünyada bir çox ölkələrdə qaçqın-köçkün problemləri vardır. Ancaq bu problemlərin ən uğurlu həlli metodu Azərbaycandadır. Görürsünüz, dünyada - Yaxın Şərqdə, başqa yerlərdə məcburi köçkünlər böyük problemlərlə üzləşirlər. İndi yüz minlərlə insan məcburi köçkünə çevrilmişdir. Azərbaycanda bu məsələnin bu dərəcədə düşünülmüş qaydada həll edilməsi o ölkələr üçün də bir yol göstərir. Bu cür məsələlər belə həll olunmalıdır. Burada söhbət təkcə binaların tikintisi ilə məhdudlaşmır. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq - yardımlar, hər köçkünə ayrılan vəsait, iş yerləri.
Əhalinin sayını nəzərə alsaq ən çox qaçqın və köçkünü olan ölkə Azərbaycandır. Bizdə bir milyon qaçqın-köçkün vardır. Bu, doğrudan da böyük problemdir. Ancaq biz bu problemi həll edirik və həll edəcəyik. Ancaq yenə də deyirəm, bu, müvəqqəti bir məkandır. Şübhə yoxdur ki, biz o torpaqlara qayıdacağıq. O ərazilər bizim tarixi, əzəli torpaqlarımızdır. Ermənistan-Azərbaycan münaqişəsi öz həllini mütləq tapmalıdır. İki ölkə arasında olan qüvvələr nisbəti bizim xeyrimizə dəyişmişdir. Tarixin inkişafı, gedən proseslərin inkişafı onu göstərir ki, biz mütləq öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mənim buna heç bir şübhəm yoxdur. Azərbaycanın və Ermənistanın göstəricilərinə nəzər salın. Biz istənilən sahədə onlardan müqayisəedilməz dərəcədə üstünük, iqtisadi, siyasi, sosial məsələlərin həllində, bütün məsələlərdə, ordu quruculuğu işində.
Əlbəttə, biz istəyirik ki, məsələ tezliklə öz həllini tapsın. Amma prinsiplər vardır. Bu məsələ beynəlxalq hüquq normaları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaqdır. Tarixin inkişafını heç kim dayandıra bilməz. Tarixin inkişafı, bölgədə gedən proseslərin inkişafı onu göstərir ki, Azərbaycan ilə rəqabət aparmaq üçün Ermənistanda heç bir imkan yoxdur. Nə maliyyə, nə iqtisadi, nə hərbi, nə də insan resursları yoxdur. Biz isə bu məsələnin həlli üçün bütün lazımi tədbirləri ardıcıllıqla görürük. Eyni zamanda, köçkünlər üçün müvəqqəti olaraq belə gözəl imkanlar yaradırıq. Sizi bir daha təbrik edirəm.

Vəli QULİYEV:
Çox sağ olun, cənab Prezident. Mən də arzu edirəm ki, Allah qoysa torpağımız alınsın Sizi Zəngilanda qarşılayaq.

İlham ƏLİYEV:
İnşallah, sağ olun.