Prezidentliyə namizədlər üçün müharibə testi

prezidentliye-namizedler-ucun-muharibe-testi
Oxunma sayı: 1713


Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı prezidentliyə namizəd Cəmil Həsənliyə açıq məktub yazıb. Əslində bu açıq məktub təkcə Milli Şuranın namizədinə deyil bütün namizədlərə ünvanlanıb. 

Məktubun məzmunu və məqsədi isə təbii ki, Qarabağ problemi və problemin hərbi yolla həllinə açıq münasibətdən gedir.

Məqsədim Akif Nağının açıq məktubunu təhlil etmək və onun yazdıqlarını təftiş etmək deyil. Amma müharibə məsələsində bir nüansı mütləq qeyd etməyi lazım bildim.

Akif Nağı öz məktubunda bildirir: “Eşitdiyim bir versiyaya görə, qorxurlar ki, “müharibə” desələr xalq müharibə perspektivindən qorxub onlara səs verməsin”.

Daha sonra Akif Nağı bu versiyaya inanmadığını vurğulayıb.

Tamamilə doğrudur. Bu versiya inandırıcı deyil.

Namizədlərin hər biri bilir ki, müharibənin olmasını Rusiya, ABŞ, Avropa istəmir. Seçkinin taleyini isə xalqdan daha çox məhz dünyanın güc mərkəzləri həll edir. Namizədlər bunu da bilir. Və ona görə də müharibə barədə ehtiyatla danışırlar.

Hamı bilir ki, dünyanın güc mərkəzləri Azərbaycanda müharibə hədəsi səsləndirən namizədinin hüquqlarının pozulmasına göz yumacaq. Buna görə də heç kəs gur səslə “mən müharibə ilə Qarabağa qayıtmağımızı təmin edəcəm” demir. Əvəzində ən şanslı namizədlər “sülh nəğməsi” oxuyur. Və yəqin ki, bundan sonra da oxuyacaqlar.

Cəmil Həsənlidən də incimək lazım deyil. O da bissimillah etməmiş beynəlxalq dəstəkdən məhrum olmaq istəmir.

Bəli real namizədlər müharibə demir. Bəs seçicilər necə namizəddən müharibə tələb edirmi? Bax bu barədə düşünməyə dəyər.

Məndən olsa prezidentliyə namizədlər üçün belə bir test tərtib edərdim.

Qarabağ münaqişəsinin hansı yolla həll etmək istəyirsiniz?

A) Sülh B) Müharibə C) Lazım gəlsə müharibə

Hansı cavabın doğru olduğunu isə qoy hərə özü müəyyənləşdirsin və namizədə qiymət versin.