Primadonna kriminal avtoritetdir?

Primadonna kriminal avtoritetdir?
Oxunma sayı: 11712

Raminə Eyvazqızı

Bir atalar sözümüz var ki, ağac bar verəndə başını aşağı dikər. Yəqin, bar verməyən bəzi ağac da üzüyuxarı dikələr, budaqları basıb adamın gözünü çıxarar. İndi bizim sənət adamlarını ağaclara bənzətmək istəyərdim. Dibinə su tökülməsə də, yağış suyu ilə ayaqda dayanan, başını aşağı salıb işiylə məşğul olan sənətkarlar. Bir də dibinə su tökülməsini tələb edib, yaşlandıqca bar verməsi o yana qalsın, budağının çör –çöpü ilə basıb gözümüzü kor edənlər.

İlhamə Quliyeva yaşının ən müdrik hesab olunan vaxtlarında millətə nümunə olacaq yolu seçmədi. “Yaşın nə fərqi var ki” deyəndə sənətkar xanım güya sevginin ölçüsünü dilinə gətirirdi, kaş ki yaşlandıqca sevgisindən daha çox kin-kidurəti bu qədər aşıb daşmazdı. Bəli, insan hər yaşda bu qədər sevgiylə ağzına gələni danışa bilməz. Axı müğənniyə niyə elə gəlir ki, hamı onun yanında əzilmək məcburiyyətindədir, kimlərinsə onun şöhrətində gözü var, onu sevmir. Məgər hər kəsin hamı tərəfindən eyni şəkildə sevilmək zərurəti və ya qanunumu var? Sevilməmək xofunu içində böyüdə-böyüdə ətrafdakılara ağır sözlər işlətmək, yetkin yaşlı oğlan uşaqları kimi sataşmalar bu yaşın harasına yaraşır? Niyə hamının ona ölüm arzuladığını düşünür?

Bu yaxında xəstəxanadan çıxanda bir daha açıqla “yanın, alışın, bundan sonra 50 il də yaşayacam” deməklə kimə neylədi? Barı onunla eyni yaşlarda olan türkiyəli həmkarı Bülənt Ərsoydan dərs götürərdi. Diva sayılan bu müğənninin şıltaqlıqları aktuallığını itirməyən sənətinə heç vaxt kölgə sala bilməyib, sala da bilməz də. Çünki o dediyi hər kəlmənin ünvanını yaxşı bilir. O, dəfələrlə xəstəxanaya girib çıxsa da, ölümdən qorxmadığını, hər kəsin ölümü dadacağını bəyan edir.

Bəs İlhamə Quliyeva ölməkdən niyə bu qədər qorxur? Bir vaxtlar səsi, ifası ilə xalqının sevimlisinə çevrilən bu nəhəng insan, indi bu qədər cılız polemikalarla özünü gözdən salır. Gözünə birtəhər görünəni istədiyi şəkildə alçaldan, hətta təhdid edən primadonna avroritetmi olmaq istəyir? Artıq onunla bağlı xəbərlərin məğzini yaxşı başa düşürük. İlhamə Quliyeva xəbərləri artıq mədəniyyət, incəsənət bölmələrində yox, kriminal səhifələrdə yer alır. İnsan neçə illik sənətini, səhnəsini təkkəbbürünə qurban verəndə sabah ondan kriminal avtoritet də düzəldərlər. Axı niyə də düzəltməsinlər?

Etdiyi nalayiq hərəkətlər, nümayiş etdiyi davranışlardan, hədə-qorxu taktikalarından cinayət məsuliyyətinin qoxusu gəlir. Primadonna bərabərdir həbs deməyə dilimiz gəlməsə də, baş verənlərin hüquqi həlli mütləq olmalıdır. Biz sənətkarlarımızı həbsdə yox, səhnədə görmək istəyirik. Amma ağzına, davranışa yiyəlik edə bilməyənin də məsuliyyəti barədə ölçü götürülməlidir. Üstündə sayı bilinməyən mükafat, ordenləri gəzdirənin sənətə ləkə vurması bu qədər asan ola bilməz. Gör, vəziyyət necə gətiribsə, həmkarları, incəsənət xadimləri , lap aidiyyatlı nazirlik də qorxusundan səsini çıxara bilmir. Hamı çarə axtarır, lap filmdəki kimi deyir, “bir başıpapaqlı yoxdur ki, əncam çəksin”. İ. Quliyeva elə bir fiqur yaradıb ki, ətraf qorxur, hər kəsə barmaq silkələməsi hamını bezdirib.

Primadonnanın öz arzusu ilə uzatdığı ömrünün gününə, saatına yazığım gəlir. Həmin zamanı daha səmərəli işlətməyin çox sadə yolları var. Öz qınına çəkilmək, dilini qatlayıb Allahına şükür etmək, yerə düşmüş sənətini ehmalca yuxarı qaldırmaq… Bir də kiminsə sözünü yox, musiqi tariximizi təhlil etmək.

Hamımız bir gün hardasa, yataqdamı, maşın altındamı canımızı tapşıracağıq, elə edək ki qəbrimiz üstünə gələn olsun!


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi