Prof. Dr.Gürər Gülsevin Bakı Avrasiya Universitetində

prof-drgurer-gulsevin-baki-avrasiya-universitetinde
Oxunma sayı: 1440

Türk Dil Qurumunun sədri Prof. Dr.Gürər Gülsevin Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlinin dəvəti ilə Bakı Avrasiya Universitetində olub.

“Qafqazinfo” xəbər verir ki, Türk Dil Qurumunun fəaliyyəti haqqında qısa söhbətdən sonra Prof. Dr. Gürər Gülsevin öz hədiyyəsini Nazim Hüseynliyə təqdim edib. Nazim Hüseynli də öz növbəsində müəllifi olduğu kitabı Prof. Dr. Gürər Gülsevinə bağışladı.  Daha sonra dəvəti qəbul edib universitetdə iştirakına görə təşəkkürnamə plaketini Qurumun sədrinə şəxsən Nazim Hüseynli təqdim edib.

Daha sonra tədbir universitetin akt zalında professor-müəllim və tələbə heyəti qarşısında çıxışla davam etdi. Prof. Dr. Gürər Gülsevin Türk Dil Qurumunun niyə təsis edildiyindən, bu Qurumun fəaliyyətindən, görülən işlərdən danışdı. Prof. Dr. Gürər Gülsevin, eyni zamanda bu Qurumun 1932-ci ildə Mustafa Kamal Atatürk tərəfindən qurulduğunu və ilk toplantısı kimi Dolmabağça Sarayında açılış edərək hər il 26 sentyabr tarixində ölkələrində “Dil bayramı” olduğunu vurğuladı. Ortaq dil və ortaq mədəniyyət məsələsini önə çəkən Gürər Gülsevin onu da qeyd etdi ki, Türk Dil Qurumu bu məsələlərə çox həssaslıqla yanaşır.

Sonda Bakı Avrasiya Universiteti tələbələrinin suallarını cavablandıran Türk Dil Qurumunun sədri Prof. Dr. Gürər Gülsevin türk dilinin zənginliyindən və hər dilin mötəbər olduğundan bəhs etdi. Tədbirin sonunda professor-müəllim və tələbələrlə xatirə şəkli çəkdirilib.