Professora 160 min “atıblar” - Generalın bacısı oğlu ittiham olunur + Yenilənib

professora-160-min-atiblar
Oxunma sayı: 6607

Türkiyə və Rusiyada həkimlik fəaliyyəti ilə məşğul olan professor Oktay Rəhimli Bakıda ev almaq istəyərkən dələduzluğa məruz qaldığını iddia edib. 

“Qafqazinfo”ya müraciət edən O.Rəhimli bildirib ki, 2013-cü ildə “Sahil-D” şirkətinin “Ramstore” yaxınlığında yerləşən binasından mənzil almaq üçün Ramin Nurəliyev adlı şəxsə 159 min 800 dollar ödəyib. Lakin 4 il keçsə də, mənzil ona təhvil verilməyib və araşdırma zamanı məlum olub ki, bu mənzil bir neçə şəxsə satılıb. Buna görə də problemli mənzil kimi məhkəmə predmetinə çevrilib. O.Rəhimli mənzil aldığı R.Nurəliyevin Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Arzu Daşdəmirovun bacısı oğlu olduğunu bildirib və əlavə edib ki, general bacısı oğlunu himayə etdiyi üçün məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərin heç bir nəticəsi olmur.

Həkim deyib ki, bu işdən general A.Daşdəmirovun da əvvəldən məlumatı olub:

“Ötən ilin ortalarında Arzu Daşdəmirov mənimlə əlaqə saxladı və qohumunun pulu ödəyəcəyini bildirdi. Biz noyabr ayında şikayət edəndən sonra isə general mənim vəkilimlə görüşüb və yenə də məsələnin həll olunacağını deyib. Amma heç bir nəticə yoxdur”.

Şikayətçi professorun vəkili İradə Cavadova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı ötən ilin noyabr ayında Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edilsə də, heç bir istintaq hərəkəti aparılmayıb: “Martın 16-da Baş Prokurorluqdan bildirdilər ki, mənim ərizəm Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindədir və orada cinayət işi başlanılıb. Lakin bu cinayət işi həmin binanın tikintisini həyata keçirən şirkətlə bağlıdır. Bizim şikayətimiz isə, şirkətə aid deyil, pulu alıb mənimsəyən məhz Ramin Nurəliyevlə bağlıdır”.

İrəli sürülən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.

***

Ramin Nurəliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o, heç kimə ev satmayıb və pul almayıb. R.Nurəliyev sadəcə dostu Süleyman Ecevitə kömək üçün onun mənzilinə müştəri tapıb: “Oktay Rəhimli onun evini almaq istədiyini dedi, mən də onu şirkətə aparıb direktor Sahil Cahangirli ilə görüşdürdüm, onlar öz aralarında razılaşdılar. Mən isə Süleymanın nümayəndəsi kimi müqaviləyə qol çəkdim. Pul da Süleyman Ecevitə verildi, o da bunu Oktay Rəhimliyə dəfələrlə deyib. Sonradan isə şirkətin ortağı İlham Qasımovun mənzilləri saxta möhürlə bir neçə şəxs satdığı bəlli oldu. Onu da həbs etdilər, satılan mənzillərlə bağlı da prokurorluqda cinayət işi açılıb. Oktayın şikayətindən sonra məni “Banditizm”ə dəvət ediblər, danışmışam. Onun vəkili İradə Cavadovaya da bildiriş verilib ki, Korrupsiya İdarəsinə müraciət etsin. Bu məsələ qanun çərçivəsində həll olunur. Burada mənim heç bir günahım yoxdur. Dayım Arzu Daşdəmirov da heç vaxt bu məsələyə qarışmayıb və Oktayla da danışmayıb. Onların dediklərinin hamısı yalandır. Sadəcə Süleyman Ecevit ortalıqda olmadığı, şirkət rəhbərləri həbsdə olduğu üçün pulu məndən almaq istəyirlər. Mənə o puldan bir qəpik də çatmayıb”.

Qeyd edək ki, İlham Qasımov 12 il müddətinə azadlıqdan məhrum edilib, onun bacısı oğlu Sahil Cahangirlinin məhkəməsi isə hazırda davam edir.

Murad Əhməd