Prokuror cəza istəyəcəkdi, vəkil gəlmədi

prokuror-ceza-isteyecekdi-vekil-gelmedi
Oxunma sayı: 1497

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu, ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Arif Rəhimovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə dövlət ittihamçısının çıxış edərək A.Rəhimova cəza istəməsi gözlənilirdi.

Lakin A.Rəhimovun vəkili məhkəməyə gəlmədiyi üçün proses baş tutmayıb və iclas martın 2-nə təxirə salınıb.

Qeyd edək ki, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib. Onun atası Q.Rəhimov “Subaru” markalı avtomobilin sahibi olduğu üçün zərərçəkmiş şəxs kimi tanınıb. 

Murad Əhməd