Prokurorluğun xəbərdarlığına reaksiya

prokurorlugun-xeberdarligina-reaksiya
Oxunma sayı: 641

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, MHİ jurnalistlərin yazdıqları yazılara görə belə üsullarla çək-çevirə salınmasını yolverilməz sayır, bunu ifadə azadlığını hədələyən addım kimi dəyərləndirir. ““Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev fevralın 5-də Baş Prokurorluğa çağırılaraq sorğu-sual edilib. Baş Prokurorun müavini redaktora yalan məlumatların gələcəkdə dərc olunacağı təqdirdə, inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə rəsmi xəbərdarlıq edib. Prokurorluq həmçinin, qəzetdə dərc olunmuş “Şamaxı da etiraz mitinqinə hazırlaşır” sərlövhəli məqaləyə görə təkzib verilməsini qəzet redaktorundan tələb edib.
MHİ Baş Prokurorluğun adıçəkilən yazıda getmiş bilgilərin doğruluğunu araşdırmaga borclu olduğunu, bununla bağlı yazı müəllifindən, media qurumu rəhbərindən nəyi isə soruşmaq səlahiyyəti olduğunu qeyd edir. MHİ eyni zamanda vurğulayır ki, belə hallarda jurnalistlərlə davranış mütləq qanunla müəyyən olunmuş çərçivəyə uyğun olmalı, onları cəmiyyəti ən mühüm, ən dolğun və bəzən də mübahisəli xəbərləri toplamaq və yaymaqdan çəkindirməməlidir. İctimai önəm daşıyan bilgilərin, ideyaların, çıxışların topluma çatdırılması medianın təməl vəzifələrindənir. Xəbər seçimi redaksiya azadlığı çərçivəsində olan məsələdir. Bu azadlığa hər hansı kənar müdaxilə yolverilməzdir.

Media Hüququ İnstitutu Baş Prokurorluğun aparıcı tənqidi nəşr olan “Azadlıq” qəzetinə məzmunla bağlı hədələyici xəbərdarlığını media, ifadə azadlığı qanunvericiliyinin təməl prinsiplərinə zidd olduğunu vurğulayır, dövlət qurumlarının vəzifəli şəxslərini mediaya qarşı hədələyici davranışlardan çəkinməyə çağırır”.