Pul mozaikası

pul-mozaikasi
Oxunma sayı: 1808

Raminə Eyvazqızı

Bir müddət qabaq məşhur restoranlardan biri qısamüddətli təmirə bağlanmışdı. Yolumuzun üstündə yerləşdiyindən hər ordan keçəndə, normal görünüşdə olan obyektin nəyinin təmir olunacağını fikirləşirdim. Az əvvəl məktəb uşaqları ilə zallarının birində tədbirimiz olduğu üçün daxilinin də təmirə ehtiyacı yox idi. Nəhayət, “güclü” təmir səbəbi anlaşıldı. Restoranın təmiri onun adı ilə bağlı imiş. Restoran sahibi intibah etmişdi, “şadlıq evi”ni “palace”a çevirmişdi. İndi xeyir evlərini “palace”etdirməyi dəbə çeviriblər axı. Ən gülməlisi odur ki, həmin yekə kişilər bir zəhmət çəkib bu ingilis sözünün mənasını ya lüğətdən, ya da ətrafdan öyrənmək istəmirlər.

Day bilmirlər ki, “palace”(bizimkilərin dili ilə desək, “palaz” və yaxud elə bizim əlifba ilə yazılışı kimi tələffüz olunur) sözü elə “saray” deməkdir də. “Şadlıq sarayı” ədəbli söz birləşməsini qoyub əcnəbinin kəlməsini işlətməklə pulu artıq qazanacaqlarmış. Pul töküb bu “dəyişikliyi” edənlərə görə, “palace”a gələnlər, həmin “palaza bürün, ellə sürün”ün əzbərçiləridirlər. Ölkədə “palace” sözünün dəyəri palazdan da yüksədi, indi heç evə palaz da sərmirlər. Amma “palace”lı ingilislər bizim qədimi palazlara min dollarlar sayıb alırlar. Ölkəsinə aparıb yerə də yox, divardan asırlar.

İki gündür, Bakı Slavyan Unuversitetinin fasadındakı 46 yaşlı mozaikanın sökülməsini müzakirə edirik. Söküntü ali təhsil müəsisəsinə yeni təyin olunmuş rektor Nurlana xanımın göstərişi imiş. Haqqında oxuduğum məlumatlarda bu ağbircək xanımın uzun illər təhsil sahəsində olduğu anlaşılır. Hətta bir müddət əvvəl kollec direktorluğundan çıxarılan Nurlana Əliyeva həm də Təhsil Nazirinin müşaviri edilib. İndiyə qədər fəaliyyəti müddətcə təhsilə, tədrisə hansı tövhələri verib, onu konketləşdirməkdə çətinlik çəkərdim. Amma yeni rektorun söküntü qərarını heç cür “xidmət” adlandıra bilmərik. Çünki o tarixi mozaika təhsil ocağının etiketi idi. Bu gün söküntüyə etiraz edənlərə rektor əvəzinin açıqlama verməsi lap gülüş doğurur. Keçmiş rektorəvəzi Əbülfəz Nağıyev indiki rektorun qahmarçıxanımıdır? Nurlana Əliyevanın təhsil müəsisəsinin tətildə olduğu müddətdə özünümüdafiəsi bu qədər çətindir ki, əməlinə, qərarına başqası aydınlıq gətirir. Açıqlamaya nəzər yetiririk. “Həmin mozaikanın daşları camaatın başına tökülürdü”. Əgər tələbə və vətəndaşlar söküntüyə etiraz edirlərsə, onda başıdaşlı kimlərdir ki, onların qeydinə qalınır? Rektor əvəzinin başqa bir rəyi belədir: “ O mozaikanın heç bir tarixi əsası yoxdur”. Bu fikri deyən bir şəxs “palace”ın tərcüməsini bilməyənlərdən də təhlükəlidirlər. Necə yəni? Onda belə çıxır ki, fasadda yarım əsrə yaxındır təsviri yerləşdirilən Nizami, Füzuli, M. F.Axundov kimi ədiblərin bizim ədəbiyyata dəxli yoxdur? Təzə rektor xanım bir zamanlar Nizami adına Ədəbiyyat İnstitutnda öz elmi işini müadfiə edib. İmkanı düşsə Nizami, Füzuli adını daşıyan hər şeyi söküb atdıracaqmı?

Hə, bir də, Nurlana Əliyeva haqqında oxuduğum mədhiyyələrdə ona bir status verilmişdi. Müəllimlər müəlliminin “uğur düsturu”. Biz bilən müəllimlər tikər, bacardığı qədər, qurar, sökməz. Təhsilin mozaikasını qurmamış, şəkil mozaikanı sökməyə nə var ki...Sonra da qocaman hüquqşünasımız Novella Cəfərova deyir ki, ölkədə qadın məmurlarının sayını artırmaq lazımdır. Qadın da kişi məmur kimi sökəcəksə, istəmirik.

Bu tarixdən intiqam alan nəsli neylərdin, ilahi....