“Pul var, amma uğur qazana bilmirik”

pul-var-amma-ugur-qazana-bilmirik-
Oxunma sayı: 650

Məşhur futbol şərhçisi və radio aparıcısı Doktor Ziyanın “Qafqazinfo”ya müsahibəsi

- Yaxşı şərhçi olmaq üçün jurnalistdə hansı spesifik xüsusiyyətlər olmalıdır?
- Yaxşı şərhçi olmaq üçün dünyagörüşün kifayət qədər olmalıdır. Çünki çox gəzməsən, çox görməsən müqayisə etmək şansın da çox olmur. Dünyagörüşünün az olması və ümumiyyətlə olmaması bir növ sənin biliyini də kasad göstərir. Bundan əlavə danışdığın dili mükəmməl bilməlisən. Bəzən elə olur ki, hər hansı dildəki sözü bilmirsən, ancaq bunun əvəzinə həmin sözün beynəlxalq ekvivalenti olur və bundan istifadə edə bilərsən. Məsələn, indi küncdən zərbənin əvəzinə “korner” deyirlər. Bu sözdən istifadə etməkdə heç bir problemi yoxdur. Elə “aut” sözü də bunun kimi. Şərt deyil ki, gecə gündüz bütün oyunlara baxasan. Ən azından icmalı izləməlisən və kimlərin qol vurduğunu bilməlisən. Qalan məsələləri isə internetin sayəsində baxıb, öyrənmək olar. Amma ümumilikdə mənim üçün dünyagörüşü ən önəmli faktordu.

- Necə fikirləşirsiz jurnalistə idman jurnalistikasında ixtisaslaşmaq vacibdirmi?
- Ümumiyyətlə, jurnalistikada ixtisaslaşmaq vacib deyil. Mənim peşəm jurnalistlik deyil. Amma mən 1995-ci ildən etibarən bu işlə məşğulam və indi də davam etdirirəm. Bildiyiniz kimi mən bu peşəmə radio ilə başlamışam və onu da 100% bilirəm ki, əksər radio aparıcıları digər peşənin sahibləridir və sonradan bu işə maraq göstərib jurnalistika ilə məşğul olublar. Bu Rusiyada da, Azərbaycanda da, Böyük Britaniyada da belədir. Başqa peşənin sahibləri radio aparıcı olublar və öz dünyagörüşlərinin sayəsində daha populyarlaşıb və peşəkarlığa çatıblar.

- Bəs necə oldu ki, Doktor Ziya radio aparıcılığı ilə yanaşı futbol şərhçisi oldu? Futbola olan maraq özünü göstərdi, ya bu sahədə hər hansı bir boşluq hiss etdiniz?
- Sonuncu dediyiniz məqam yoxdur. Çünki mən çatışmazlıqlar haqqında açıq danışmıram. Misal üçün ilk çalışdığım radioda hamı mənim futbola olan marağımı bilirdi. Çünki harda gəldi dostlarla, iş yoldaşlarımla bütün günü futbol müzakirə edirdik. O zaman ANS-ə Çempionlar Liqası”nin yayım hüququ veriləndə sual qalxdı ki, kim şərh edəcək? Və ondan sonra kanal rəhbərliyi bir eksperiment apardı və təklif olundu ki, radio və televiziyadan hər birindən ayrılıqda bir briqada təşkil olunsun və bir növ müqayisə aparılsın. Elə oldu ki, radiodan mən və Rahib Azəri seçildik . Ondan sonra biz bir çox matçları şərh etdik və çoxlu yeniliklər gətirdik. Doğrudur, tənqid edlilirdik, təriflənirdik, haqqımızda müxtəlif fikirlər səslənirdi, amma təbii ki, bunlar olmasaydı heç bir inkişaf da olmazdı. İstənilən halda Azərbaycan şərhçiliyində yeni bir söz demiş olduq və yeni bir xətt gətirdik. Hazırda da mən futbol şərhçiliyinə dövlət televiziyasından aldığım təkliflə davam edirəm. Bu kanalda ilk şərhimi də bu yaxınlarda keçirilən “El Klassiko” ilə başladım və inşallah bu komandaların növbəti oyununu həmçinin, Çempionlar Liqası”nda keçiriləcək “Real Madrid” “Mançester Yunayted” görüşünü də şərh edəcəm.

- Xarici şərhçilərdən kimləri dinləyirsiz və bəyənirsiz?
- Mən açığı desəm, şərhçiliyi heç kimdən öyrənməmişəm. Sadəcə olaraq həmişə futbola baxmışam və şərhdə olan emosionallıq mənə zövq verib. Bu emosionallığı da mən qərb ölkələrində İngiltərədə və İtaliyada, şərq ölkələrində isə ərəblərdən tutmuşam . Düzdür, ərəb şərhçilər biraz lazım olduğundan daha artıq emosionaldırlar. Bəlkə də bu onların üstünlükləridir. Ancaq ingilis və italiyanlarda bu norma gözlənilir. Misal üçün İtaliyada Krudelli var. O , matçları əvvəllər daha çox şərh edirdi. Son zamanlar isə “Milan” klubunun öz televiziyasında şərhçilik edir. Yəni 15-20 il bundan qabaq onun şərhləri məni özünə cəlb etdi. Birmənalı olaraq İngiltərədə isə istənilən “Premyer Liqa” görüşünü şərh edən insan öz işinin ustasıdır. Bəlkə də mənim şərhçilik tərzim onların qarışığıdır və üstəgəl də dünyagörüşüm. Mən ümumilikdə çalışıram ki şərhdə təbəssüm olsun. Yəni azarkeşin işi futbola baxmaqdırsa, şərhçinin də işi azarkeşin də yaxşı bildiyi informasiyanı bir qədər başqa cür çatdırmaqdır.

- Bəs yerli şərhçilərdən kimləri dinləmisiniz?
- Mən vaxtı ilə Azərbaycan televiziyasında daha çox Çingiz İsmayılova qulaq asmışam. Digər tərəfdən həmin dövrdə o qədər də böyük seçim yox idi. Çingiz İsmayılovla yanaşı Fikrət Adıgözəlllini də dinləyirdim. Onların tamam başqa tərzləri olub.

- Hazırkı Azərbaycan şərhçiliyi nə vəziyyətdədir və siz indiki şərhçiləri dinləyəndə deyə bilirsinizmi hə bax,nəsə var?
- Hər zaman nəsə var. İstənilən şərhçidə istənilən xüsusiyyəti tapmaq olar. Məsələn, mən yalnız onlarla söhbət edəndə necəsə onları tənqid edə bilərəm və ya onlardan tənqid eşidə bilərəm. Ümumilkdə desək, gərək hər bir şərhçi öz xəttini tapsın. Nəyi yaxşı bacarırsa həmin şeyi də öz dəsti-xəttinə çevirsin. İndiki həmkarlarımda bilik kifayət qədər var. Mənə elə gəlir ki, çatışmayan cəhət təbəssümdür. Gərək bir neçə məqamı bir arada sintezləşdirəsən ki, ortaya maraqlı məhsul çıxsın.


- Azərbaycanda elə bir şərhçi olubmu ki, onun sayəsində siz kanalı dəyişmisiz və həmin önəmli oyuna baxmamısınız?
- Yox, mən futbola kiməsə görə baxmıram. Bu oyunu çox sevdiyim üçün izləyirəm ələxsusda ki, önəmli oyundursa. Elə bir situasiya olanda da həmin şərhçinin səsini beynimdə söndürürəm. Amma indi ki, dövrdə seçim çoxdur. İnternetin köməkliyi ilə, müxtəlif kanalların sayəsində futbola baxıb zövq almaq olar. Futbola baxmamağımın əsas səbəbi yuxumun gəlməsi ola bilər. Əgər yuxum gəldisə, vəssalam, həmin maraqlı oyunu buraxmaq məcburiyyətində qalacam. Belədə isə heç nə mənim futbol marağımı öldürə bilməz.

- Milli çempionatımızın səviyyəsini necə dəyərləndirirsiz?
- Çox təəssüf edirəm ki,bizim çempionatımızın oyunlarında tribunalar dolmur. Bir neçə bölgələrimizdə futbola böyük maraq var. Məsələn Lənkəranda Gəncədə və.s azarkeşlər stadionları doldururlar. Ancaq Bakıda keçirilən görüşlərdə azarkeş qıtlığı yaşanır. Bu da futbolumuzun, çempionatımızın səviyyəsinə mane olur. Bundan əlavə, desəm ki, mütəmadi olaraq çempionatımızı izləyirəm yalan demiş olaram. Gərək milli komandamız, klublarımız uğurlarını davamlı etsin ki, istənilən azarkeş kütləsi də yığılsın. Yoxsa elə ancaq havalar yaxşı olanda yığmamızın bəzi seçmə oyunlarında ya da ki, Avro kuboklar uğrunda seçmə görüşlərdə stadionlar dolacaq. Bəlkə bunun səbəbi futbolçulardadır, oyuna o qədər də can yandırmırlar və yaxudda ki, məşqçilər günahkardırlar ki, düzgün taktika vermirlər. Futbolumuzda pul var amma bunun müqabilində kifayət qədər uğur qazana bilmirik.

- Mənə çox maraqlıdır niyə bizim əksər futbolçularımız fikirlərini normal ifadə edə bilmirlər, normal danışıq qabilliyətinə sahib deyirlər. Misal üçün baxırsan ki, 20 yaşlı gənc türkiyəli futbolçu futbol haqqında ona verilən sualı o dərəcədə səlis profesional çatdırır ki, adam zövq alır Bəs bizdə niyə bu yoxdu
- Çünki həmin futbolçu məktəb oxuyur, öz ədəbiyyatı, tarixi ilə maraqlanır , daim mütaliə edir. Dünyanı gəzir, təəssuratlarını artırır. Bizim müəyyən futbolçularımız, demirəm hamısı, məhz oxumamağa görə (oxumaq deyəndə müğənniliyi nəzərdə tutmuram) lazımı qədər biliyə, savada sahib deyillər.

- “La Liqa”nın axırıncı turunda “Qranada” ilə “Real” Madrid görüşündə Kriştiyano Ronaldonun avtoqolunu necə qiymətləndirirsiz?
- O, hansısa bir rekordu qırmalı idi də... Bütün klublara qol vurmuşdu bir dənə Real Madrid qalmışdı və “Real”da qol vura bildi. Təbii ki, bu məsələnin zarafatyana olan hissəsidir. Ronaldonun avtoqol vurmasına tam ciddi yanaşsaq, burada bir çox amillər ortaya çıxa bilər. Hər şeydən əvvəl bu bir təsadüfdür, hər bir futbolçunun başına gələ bilər. Digər tərəfdən bunun yaxşı cəhəti də var. Çünki Ronaldo öz müdafiəçi yoldaşlarına kömək etmək istədi və bəxtsizlikdən topu uzaqlaşdırmaq niyyəti avtoqolla nəticləndi. Hücümçular nadir hallarda arxaya çəkilib müdafiəçilərə kömək edirlər. Digər tərəfdən ola bilər ki, onun beynində başqa kluba keçmək planları var və ya həmyerlisi Joze Maurinyoya son vaxtlarda olunan təzyiqlərə dözə bilmir. Elementar olaraq bəlkə səhər yediyi yemək xoşuna gəlməyib buna acığı tutub . Amma bu və ya digər səbəbdən bu futboldur burada hər şey ola bilər.

- Şərhçiliyin özəl xüsusiyyətlərindən biri də budur ki, o qədər də tanınmamış iki komanda oynadığı zaman şərhçi mövqeyindən asılı olmayaraq hər bir futbolçunu tanıyır. Yəni hər hansı bir futbolçuya top gəlmədən öncə şərhçi həmin oyunçunun adını çəkir. Bax, necə olur ki, bütün futbolçuların adlarını yaddaşınızda saxlaya bilirsiz?
- Ancaq təcrübə lazımdır bu məsələdə. Şərhçi gərək futbolçunun kimliyini onun qaçmaq tərzindən belə tanısın. İnternetdə bütün məlumatlar olur, müxtəlif video görüntülər, fotolara bunlara baxıb öyrənmək lazımdır.

- Bəs , Doktor Ziya özü hansı çempionatın pərəstişkarıdır?
- Ümumilikdə götürsək, ən çox baxılan çempionat İngiltərə “Premyer Liqa”sıdır. Bundan sonra hardasa İspaniya və Almaniya öz aralarında mübarizə aparır. Hər hansı “Premyer Liqa”oyununa istər efirdən, istərsə də stadiondan baxmaq eyni həyəcanı verir. Mən 2002-ci ildə “Arsenal” “Deportivo” oyununu stadiondan canlı izlədim və o abu hava o azarkeş dəstəyi sözlə ifadəediləsi deyil.

- Azarkeşi olduğunuz klub və ya yığma komanda varmı?
- Yox. Heç bir klubun və yığmanın azarkeşı deyiləm. Öz milli komandamız və klublarımız beynəlxalq arenalarda mübarizə aparsa, bu başqa . Burada artıq vətəndaşlıq faktoru irəli çıxır. Yaxşı matçın azarkeşiyəm.

- Tutaq ki, hər hansı bir şərhçi azarkeşi olduğu komandanın oyununu şərh edir və komandası məğlub olur, bu zaman şərhçi öz emosiyları ilə peşə borcunu necə balanslaşdırmalıdır? Yəni bir növ necə etməlidir ki nə şiş yansın, nə kabab?

- Birinci növbədə şərhçi anlamalıdır ki, görüşü özü üçün yox geniş bir televiziya auditoriyası üçün şərh edir və ona milyonlarla insan tamaşa edir. İstər onun azarkeşi olduğu klubun tərəfdarları, istərsə də digər komandanın azarkeşləri. Burada da təcrübə vacibdir ki, şərhçi öz hisslərini boğsun və işini profesionnalıqla tamamlasın. Yəni ən azından fanatlıq hisslərini ifadə etmək hüququ yoxdur.

İqbal