Pullu savab...

pullu-savab
Oxunma sayı: 1682


Rusiya Ukraynaya meydan oxumasaydı, bəlkə də Azərbaycanda gündəm hələ də Qənirə Paşayevanın nurçularla bağlılığı olacaqdı. Ümumiyyətlə, dini mövzulardan zəhləm gedir, illah da bölgüçülükdən.  Təəssüf ki, son aylar diqqətçəkən  mövzular da məhz dinlə, mövhumatla bağlıdır.    

Mənə görə, sovet hökumətinin dağılması molla tayfası qədər heç kimə xeyir vermədi. Ölkənin elə bir rayonu, qəsəbəsi, kəndi yoxdur ki, orda heç olmasa bir məscid, yaxud ziyarətgah olmasın. İnsanlar heç nə tapmasalar da, tənha ağacın başına üç-dörd əski bağlayıb “niyyət ağacı” elan ediblər. Hərəsinin də yanında  bir saqqallı, buxara papaqlı, əli təsbehli kişi və nəzir qutusu. 

İnsanlar inanır və qəzavü-qədərdən, pis niyyətdən, günahlardan qorunmaq üçün nəzir qutularını doldurur. 

Əslində, Azərbaycan kimi məmləkətdə inamsız yaşamaq müşkül məsələdir. Amma bu, yüzlərlə insanın boğazından kəsib kiminsə evini, qarnını böyütməkdən başqa heç nəyə xidmət etmir. Üstəlik, bu mənzərənin telekanallarda təbliği də cahilliyin yayılmasına şərait yaratmaqdan başqa bir şey deyil. 

Düzü, qazancından nəzirpulu ayıranları da anlayıram, mollaları da, lap elə sonda qutuları açıb pulları dəstələyən Qafqaz Müsəlmanları İdarəsini də. Təkcə bu dövlət büdcəsindən məscidlərin, türbələrin tikilməsinə ayrılan pulların mənasını anlaya bilmirəm. Axı illərdir özünü bütün Qafqazın şeyxi elan edən Allahşükür Paşazadə cənabları deyir ki, nəzir qutusu biznesindən əldə olunan gəlir məhz həmin dini ocaqların təmirinə, işçilərin xərcinə və sair sərf olunur. Belə olan halda niyə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır?

Bu sözləri havadan demirəm. Yaxınlarda Buzovna ərazisindəki yeni qəsəbədə oldum. 500-dən çox ailənin yaşadığı ərazidə nə xəstəxana var, nə məktəb. Amma məscid tikilib.

Bu məsələdə dini inancın güclü olmasını əsas gətirmək yersizdir. Cahillərin sayı durmadan artır, xəstəni həkimdən öncə mollaya göstərənlər də yetərincədir. Ən pisi də odur ki, hökumət buna rəvac verir, məscidlərə, pirlərə xəstəxana, məktəb tikintisindən çox pul ayrılır. Məsələn, bu il dövlət büdcəsindən Kürdəmirdə tikiləcək rayonlararası psixiatriya xəstəxanasına 400 min, Bərdədəki “Allah Allah” türbəsinin konservasiyasına isə 500 min manat ayrılır. Görünür, smeta dəyəri hesablananda psixikası pozulmuş adamların daha çox türbə və məscidlərə üz tutması nəzərə alınıb. 

Binəqədi rayonunda məscid tikmək üçün Bakı şəhər İcra Hakimiyyətinə ayrılan məbləğ isə fantastikdir: 35.010.900 manat. Məscidin layihələndirilməsi və tikintisinə 2012-ci ildə 10 milyon, 2013-cü ildə isə 33 milyon manat pul ayrılıb. Beləliklə də abidənin tikintisi üçün dövlət büdcəsindən 78 milyon 10 min 900 manat vəsait ayrılıb. 

Təbii ki, bu vəsaitin nə qədər hissəsinin həqiqətən də məscidə sərf olunacağını hesablamaq ayrıca bir araşdırma mövzusudur. Lap qəpiyinə kimi məscidə sərf olunsa belə, yenə də dəyməz, o pulu daha səmərəli sahələrə yönləndirmək olardı. 

Baş verənləri saf-çürük edəndə adamın ağlına qarşıq fikirlər gəlir. Bir yandan düşünürsən ki, insanların başını qatmaq, zülmə, haqsızlığa səbrlə dözmək üçün seçilmiş ən uğurlu variantdır.  Axı din adamı başına gələni qisməti, taleyi ilə bağlayıb daha tez razılaşır, öz haqqını qorumağı belə tanrının ixtiyarına buraxır.  

Digr tərəfdən də deyirsən, yəqin bizim hökumət düşünür ki, dini obyektləri çox tikməklə savab qazanmaq mümkündür. Yoxsa Azərbaycan bir yana, durub Serbiyadakı “Müqəddəs Petka” kilsəsinin tikintisinə niyə 650 min avro ayırsın? 

Amma bir şey var ki, savabı satın almaq olmur. Nə də məscidlərin, türbələrin çoxluğu xalqı bəladan xilas etmir. İnsanların nicatı zəkadadır, “nəzir qutusu”nda yox. Bax, buna sərmayə yatırmaq lazımdır...