Pulsuz səhiyyəmizin pulsuzları gəbərtməsi

pulsuz-sehiyyemizin-pulsuzlari-gebertmesi
Oxunma sayı: 2072

Nadir Qocabəyli

Hazırda iki qohumum ağır xəstədir. Uşaqları eşidib utanmasınlar deyə, kim olduqlarını yazmıram. Hər ikisinə baş çəkdim, ancaq heç birinə bir torba meyvə almaqdan savayı, nəsə etməyə gücüm çatmadı. Hər ikisi baxışlarıyla ətrafdakılardan kömək umur.

Əlimdən heç nə gəlmədiyi üçün çox utandım. Bu durumdan onların övladları daxil hamımız xəcalət çəkirik. Çünki üzümüzün-gözümüzün illərlə öyrəşdiyi iki insan, iki can, iki valideyn, qardaş, bacı, əmi, dayı, xala, bibi gözlərimiz önündə əzab çəkərək, dəhşətli ağrıdan inildəyərək, zarıyaraq, ağlayaraq, misqal-misqal, dəqiqə-dəqiqə, saniyə-saniyə ölür, bizsə boynumuzu burub, məzlum-məzlum, yazıq-yazıq, çarəsizcəsinə baxırıq.

Onları müalicə etmək, sağaltmaq, yenidən həyata qaytarmaq, bəlkə də, mümkün deyil, çünki ağır həyat, dözülməz qayğılar və problemlər bu biçarələrə öz damğasını vurub, əcəl başlarının üstünü vaxtından xeyli qabaq kəsdirib. Ancaq ağrı-acılarını azaltmaq, ölümlərini bir qədər yüngülləşdirmək, rahatlaşdırmaq olar. Və elə şanlı-pulsuz səhiyyəmiz də bundan ötrüdür…

Amma və lakin… bu şanlı-şərəfli-pulsuz səhiyyəmiz pulu olmayana yaxın durmur. Xəstəxana personalı ilk öncə xəstənin kimliyi, harada işləməsi, kimin qohumu olması, oğlunun-qızının kimlər olması və haralarda işləmələri, kimin adamı olmasıyla maraqlanır. Əgər binəva xəstə bu parametrlərin heç birinə uyğun gəlmirsə, ona bir neçə gün analgin-dimedrol iynəsi vurub, sonra yiyəsini “başa salır” ki, “apar, bundan daha adam olası deyil”. O da əlacsız qalıb, ağrılar içində qıvrılan zavallını maşına qoyub evə gətirir və çarpayıya yıxıb, ölümünü gözləyir. Ancaq xəstə, təbii ki, dərhal ölməyəcək, yalvarıcı nəzərlərlə onu ziyarətə gələnlərin gözlərinin içinə baxıb, səssizcəsinə imdad diləyəcək, bəzən ağrıdan çaqqal kimi ulayacaq, it kimi zingildəyəcək və ürəyinin möhkəmliyindən asılı olaraq, bir neçə həftədən, ya da bir neçə aydan sonra gəbərəcək…

Bəli, ölməyəcək, məhz gəbərəcək. Çünki ölmək belə olmur. Əcəl şanslı adamlara qəfil gəlir və bir anın içində götürüb aparır. Normal, adi adamları isə təmiz və səliqəli xəstəxana palatalarında, müxtəlif cihazlara qoşulmuş, dava-dərman verilmiş, ağ xalatlı qayğıkeş həkimlərin və tibb bacılarının şəfqətli əllərindən təhvil alır. Hər iki halda insan dəhşətli əzablar çəkərək, qorxunc səslər çıxarmır və dünyanı insana layiq hörmətlə, ehtiramla, mədəni şəkildə, sivil qaydada tərk edir.

Lakin təəssüflər olsun ki, Azərbaycanda qəfil ölmək şansından məhrum insanların heç də hamısına şərəfli, hörmətli, mədəni, sivil qaydada vəfat etmək qismət deyil. Pulsuz səhiyyəmiz pulsuzlara bu şansı tanımır. Həkimlərə, tibb bacılarına, bahalı dava-dərmanlara, tibbi cihazlara, avadanlıqlara ödəməyə külli-miqdarda pulu, yaxud arxasında vəzifəli qohumu, dostu-aşnası olmayanları məhz belə – mənim iki qohumumu gözləyən dəhşətli və urvatsız ölüm gözləyir.

Günahkar axtarmayacağam. Hər kəs kimi suçunun nə qədər, hansı dərəcədə olduğunu yaxşı bilir. Bu problem xalqımızı uzun illərdir narahat etsə, heç bir işıq ucu görünmür. İstər əvvəlki, istərsə də indiki dövlətimiz bu məsələyə çözüm tapmaqda acızdir və bir çox problemlər kimi, bunun da həllini əhalinin öz üzərinə atır.

Bu dünyaya büdcədən oğurladıqları pullar hesabına xaricdəki, eləcə də, buradakı bahalı klinikalarda əlvida deyənlər, görəsən, haqqını mənimsədikləri, öləndə belə dəhşətli əzablara düçar etdikləri qan qardaşlarını, heç olmasa, son nəfəslərində xatırlayırlarmı? Əgər ölümdən sonra həyat varsa, “ölənlər” özlərindən sayca qat-qat çox olan “gəbərənlərin” üzünə necə baxacaq, onların ittihamlarına necə cavab verəcəklər? Tutaq ki, lap o tərəfdə heç nə yoxdur. Bəs onların övladları? Elə bilirsiz, ata-analarının fəryadları, nalələri qarşısında aciz qalanlar bunu unuda biləcəklər?