“Pulum olmayanda “Qoca”dan istəyirdim”

pulum-olmayanda-qocadan-isteyirdim
Oxunma sayı: 5593

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Əli Ağami və digər şəxslərin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlər dindirilib.

Biləsuvar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasının rəisi Elçin Mirzəyev ifadəsində deyib ki, onlar "Qoca" ilə birgə təqsirləndirilən Məhəmməd Heydərovu saxlayıblar: "Biz onu qəbul edəndə üzərinə baxış keçirən zaman xəsarətlər aşkarlandı. Mən də bu barədə rəhbərliyə məlumat verdim. Sonra bizə məlumat daxil oldu ki, həmin dustaqlar Bakıya etap ediləcək".

Məhəmməd Heydərov isə deyib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun cinayət işinə baxılan zaman özünə xəsarət yetirib: "Məhkəməyə etiraz edib özümə xəsarət yetirdim. Buna görə də bizi Bakıya qaytardılar. Etibar Məmmədovla rayonda qonşu olmuşam. Məhbusların qaçdığı gün də eyni qatarda gəlmişik. Lakin onların qaçdığını görməmişəm. Pulum olmayanda "Qoca"dan istəyirdim".

Daha sonra "Qoca"nın qaçdığı qatarda etap olunan digər şahidlər ifadə veriblər. 

Proses sentyabrın 24-də davam etdiriləcək. 

Murad Əhməd