“Pulumuzu bu uşaqlara xərcləməliyik” - Hamı Ramildən danışır...

“Pulumuzu bu uşaqlara xərcləməliyik”
Oxunma sayı: 52

Ötən gün Beynəlxalq Kimya Olimpiadasında azərbaycanlı şagird tarixi uğura imza atdı. Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə  Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb. Bununla da Ramil Babazadə 11 il bundan əvvəl qazanılan uğuru təkrar edib.

"Qafqazinfo" xəbər verir ki, bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.

Məktəblilərimizin uğurları  ilə bağlı tanınmış ictimaiyyət nümayəndələrinin fikirlərini təqdim edirik: 

Qərib Mürşüdov Kembricdə çalışan azərbaycanlı professor

Son illər Təhsil Nazirliyi tərəfindən olimpiadalarda, eləcə də beynəlxalq olimpiadalarda iştriak edən şagirdlərimizə göstərilən diqqət və bu sahədə görülən işlər həqiqətən təqdirə layiqdir və bunu yüksək qiymətləndirirəm. Çünki bu, gələcəyimizə qoyulan investisiyadır. Bu uşaqlar bir neçə il sonra ölkəmizin elm və təhsilinin inkişafına böyük xidmətlər göstərəcəklər. Bu uğura görə mən bütün təhsil ictimaiyyətini təbrik edirəm .

Şahlar Əsgərov – professor 

Bu cür uğurlu nəticələr təsadüfən alınmır. Bu gərgin əməyin, sistemli fəaliyyətin nəticəsidir.  Bu, onun göstəricisidir ki, bizim xalq istedadlı yaradılıb. Sadəcə onların istedadını üzə çıxarmaq lazımdır. Bu işlər də görülür və nəticəsi də var. Bu cür gənclərə nə qədər çox dəstək göstərilərsə, onlar beynəlxalq olimpiadalarda  öz biliklərini daha dərindən nümayiş etdirər,  xalqımızın başını ucaldar, ölkəmizə şöhrət gətirər. Bayrağımızı onlarla ölkənin arasında birinci edən gəncimizi ürəkdən təbrik edirəm. 

Vüsal Hüseynov millət vəkili 

Mən Ramili -bizim gənc alimi, onun ailəsini və müəllimlərini, ona dəstək olan təhsil işçilərini təbrik edirəm. O, bu qələbəsi ilə hər bir azərbaycanlını fərəhləndirdi. Mən bir müddət əvvəl respublika fənn olimpiadasının qaliblərinin təltif olunması mərasimində iştirak etmişdim. Orada qaliblər  üçün etdiyim arzum bu idi ki, onların qalibiyyət xəbərləri beynəlxalq tədbirlərdən, dünya olimpiadalarından gəlsin. Sevinirəm ki, şagirdlərimizin bu nailiyyətlərini müşahidə edirik və yaşayırıq. Ölkəmizdə həqiqətən istedadlı şagirdlərin müəyyən edilməsi, onların biliklərinin gücləndirilməsi, onlara dəstək göstərilməsi və olimpiadalarda iştiraklarının təmin edilməsi üçün sistemli fəaliyyət həyata keçirilir. Hesab edirəm ki, bu yanaşma artıq öz nəticələrini göstərir, biz Ramil kimi şagirdlərimizin nailiyyətlərini müşahidə edirik və nə yaxşı ki, bu dinamika artan dinamikadır. Ümid edirəm ki, bu davamlı olacaq və biz tez-tez belə xoş xəbərlər alacağıq. 

Fazil Mustafa- millət vəkili 

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb. Bax budur Azərbaycanın qürur duyulası övladı....İndi nə etməliyik? Bu dəyərli Azərbaycan övladının şəklini paylaşmalıyıq ki, bilgisiylə, ağlıyla dünyayla ayaqlaşan, sabah üçün ümidimiz olan belə bir dəyərli azərbaycanlımız var! Qoy övladlarımız ondan nümunə götürsünlər! Başqa sahələrdən bir az da başımızı ayırıb bilgi lokomotivlərinə diqqət yönəltməliyik, pulumuzu-paramızı bu uşaqlara xərcləməliyik ki, dünyada bizi həm də zəkamızla tanısınlar! Çox-çox sevinirəm, Allah qorusun, bu uğurları davamlı olsun deyirəm! Atasının, anasının sevinməyə haqqı var, çünki bu millətə ən çox bilgili insan yetişdirmək lazımdır! Digər mükafat alan övladlarımızı da təbrik edirəm.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi