Putin Azərbaycana niyə gəlir? - - Təhlil

putin-azerbaycana-niye-gelir-
Oxunma sayı: 4684


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana sabah başlayan səfərini şərh edib:

"Qafqazinfo" həmin şərhi təqdim edir:

“Putinin Bakıya hərbi gəmilərlə gəlişinin özü artıq Bakıya ismarıcdır ki, Xəzər hövzəsinə kim hakimdir və Azərbaycan ABŞ və NATO ilə hərbi əməkdaşlığını genişləndirərkən, şimal qonşusunun maraqlarını nəzərə almalıdır. Putin Azərbaycanın Avrasiya Birliyi ilə Gömrük İttifaqına da üzv olmasını istəyir. Bu iki qurumda işğalçı Ermənistan da yer aldığından Azərbaycanın Avrasiya Birliyi ilə Gömrük İttifaqında üzv olması mümkün görünmür. Buna rəğmən, Kreml çox qıcıqlanmasın deyə Bakı Avrasiya Birliyinə müşahidəçi statusunda üzv ola biləcəyi Putinə vəd verə bilər. Azərbaycanın vəziyyətini həm də o amil müərkkəbləşdirir ki, biz Avropa Birliyi ilə assosiativ anlaşma imzalamayacağımızı açıqlamışıq. Halbuki, Ermənistan bu anlaşmanı noyabrda imzalayacaq. Ona görə də Kreml Bakının tərəddüt etdiyini görərək, Azərbaycan hakimiyyətinə təzyiqini bir az daha artırır. Azərbaycan prezodenti İlham Əliyev Avrasiya Birliyi və Gömrük İttifaqı xaricində Kremllə istənilən səviyyədə əməkdaşlığı genişləndirməyə hazırdır. Təsadüfi deyil ki, bir müddət öncə Rusiyanın nəhəng “Rosneft” şirkətinin başçısı Bakıya gəlmiş və İlham Əliyevlə enerji əməkdaşlığının inkişafı yollarını müzakirə etmişdi. Azərbaycan hakimiyyəti Rusiyadan silah almaqda davam edəcəyini də Putinə bəyan edəcək ki, bu da Kremlin maraqlarına cavab verir. Bir sözlə, Bakı Moskva ilə bir neçə ildir uzanan soyuq münasibətlərə Putinin səfəri ilə yaxşı halda son qoymaq, pis halda isə heç olmazsa prezident seçkisi bitənə qədər fasilə götürmək arzusundadır”.

Elxan Şahinoğlu Putinin Azərbaycandakı seçkiqabağı vəziyyətdən də öz məqsədləri üçün istifadə edə biləcəyi qənaətindərir: “Vladimir Putinlə İlham Əliyevin münasibətləri hamar deyil. Putin hələ baş nazir olarkən Azərbaycan prezidenti onun haqqında müsbət fikirdə olmadığını amerikalı diplomatlara söyləmiş və bunlar məşhur “Vikiliks” saytında yer almışdı. İlham Əliyev açıq-aşkar Dmitri Medvedyevə üstünlük verir, hətta “iki qoçun başı bir qazanda qaynamaz” ifadəsinə yer vermişdi. Aydındır ki, Putin “Vikiliks”də özü haqqında yazılanları diqqətlə oxuyub. Putin prezident olduqdan sonra Rusiya-Azərbaycan münasibətlərində qeyri-müəyyənlik artdı. Qəbələ RLS qapandı, Bakı-Novorosiysk kəmərindən neft ixracatı dayandı, sərhəd Dağıstanda hərbi təlimların miqyası genişləndi və s. Elə indinin özündə də azərbaycanlı miqrantların Rusiyadan deportasiyası müzakirə mövzusudur. Elə Bakının özü də Kremllə psixoloji müharibədə bəzi həmlələr edir. Məsələn, bugünlərdə radikal ləzgi təşkilatlarına bağlı şəxslər həbs olunub. Həmin şəxslərin bir qismi Rusiya vətəndaşıdır. Başqa sözlə, Putinin Bakıya bircə səfəri ilə Rusiya-Azərbaycan münasibətləri düzələn deyil. Digər tərəfdən Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə də maraq göstərmir ki, bu da Bakıda xoş qarşılana bilməz.

Rəsmi Bakının Putindən gözləntiləri olduğu kimi, müxalifətin də gözləntilər var. Bu 20 ildə ilk dəfədir ki, Azərbaycanın Qərbə meylli müxalifəti Kreml sahibindən asılı vəziyyətə düşüb. Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması üçün Putinin qərarı lazımdır. Putin bu qərarı sürətləndirərsə, müxalifətin işini asanlaşdıracaq, qərarı yubadarsa Azərbaycan hakimiyyətinin istəyini reallaşdırmış olacaq. Putin Bakıya səfərində istədiklərinin böyük faizini ala bilsə Rüstəm İbrahimbəyovun məsələsi uzanacaq və o müxalifətin vahid namizədi ola bilməyəcək, yox əgər Kreml sahibi planlaşdrıdıqlarını Bakıdan ala bilməsə, məşhur ssenaristin məsələsi müsbət həll olunacaq. İp Putinin əlindədir”.