Putin şantaj edərək Ermənistanı “Yeni SSRİ”-yə qoşub- - İddia

putin-santaj-ederek-ermenistani-yeni-ssri-ye-qosub-
Oxunma sayı: 1046


“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, bunu Belarusdan olan politoloq Vladimir Maskeviç  Polşanın “Gazeta Wyborcza” nəşrinə müsahibəsində deyib. O bildirib ki, Moskva Ermənistanı Azərbaycana silah satışı ilə hədələyib. Ekspertin sözlərinə görə Rusiya silah satışı ilə yanaşı, Ermənistana verdiyi qazın qiymətinin qaldırılması ilə bağlı da hədələr səsləndirib.

“Postsovet  məkanındakı dövlətlər heç biri öz xoşu ilə Putinin Avrasiya İttifaqı layihəsinə daxil olmur. Ermənistanın bu birliyə qoşulması layihənin keçmiş SSRİ məkanındakı dövlətlərə cazibədar görünməsi anlamına gəlmir. Ona görə də Rusiya Ermənistanı şantaj yolu ilə ittifaqa qoşmalı idi. Rusiyanın şantajı ilə Ermənistan əvvəlcə Avropa Birliyi ilə assosiasiya haqqında saziş imzalamaqdan imtina etdi. Daha sonra, Rusiya Azərbaycana silah satışını artıracağı və Ermənistana verdiyi qazın qiymətini qaldıracağı ilə hədələyib. Kremlin bu hədələrindən sonra Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulmağa razılıq verib”,-deyə politoloq söyləyib.

Vladimir Maskeviç qeyd edib ki, Avrasiya İttifaqı bir növ diktatorlar klubu olub. Onun fikrincə, Avrasiya İttifaqının genişlənməsini gözləmək düzgün deyil.  

Məlumat üçün deyək ki, ekspertlərin “Yeni SSRİ” kimi dəyərləndirdikləri Avrasiya İqtisadi İttifaqı may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentlərinin iştirakı ilə yaradılıb. Ermənistanın isə  oktyabr ayının 10-da Avrasiya İttifaqının Minsk sammitində təşkilata qoşulması haqqında sənəd imzalanıb.

Qeyd edək ki, Rusiyanı Ermənistanı şantaj yolu ilə yeni layihəsinə cəlb etməsi xəbərləri gündəmdədir. Nüfuzlu amerikalı ekspert, Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen də deyib ki, Rusiya Ermənistanı Qarabağ kartı ilə şantaj edib. O, bu məlumatları Rusiyadakı mənbələrindən aldığını deyib.   Rusiyanın forpostu Ermənistanı istənilən vasitə ilə şantaj etməsi real görünür.