Putin suallara canlı cavab verdi

putin-suallara-canli-cavab-verdi
Oxunma sayı: 646

Ənənəvi sual-cavabda iştirak edən Vladimir Putin bu dəfə ictimaiyyət qarşısına təkcə baş nazir deyil, həmçinin birbaşa yayım ənənəsinin mövcudluğu illərində ilk dəfə prezidentliyə namizəd qismində çıxıb. Müşahidəçilər isə seçkiqabağı bu çıxışı əlamətdar adlandırıblar.

Aparıcı Ernest Matskyaviçus birbaşa yayımı başladaraq qeyd edib ki, Rusiyada son iki həftə siyasi hadisələrlə zəngin olub və hazırda ölkənin siyasi kursu müəyyənləşdirilir. İlk sual da Dövlət Dumasına dekabrın 4-də keçirilən seçki və Bolotnaya meydanında minlərlə insanın iştirakı ilə təşkil edilən mitinqlə bağlı olub. Vladimir Putin bildirib ki, həmçinin teleekranda fəal, öz mövqeyini aydın və dəqiq ifadə edən gənc insanları görməsi onu sevindirir.

"İnsanların öz mövqeyini qanun çərçivəsində ifadə etməsi tamamilə normal haldır. Bu, məni sevindirir və hətta bu Putin rejiminin nəticəsidirsə də, bu yaxşıdır, mən burada zidd heç nə görmürəm. Sözsüz ki, seçkinin nəticələri ölkədə baş verənlərdə əks olunur. Müxalifət hər zaman seçkinin ədalətsiz keçirildiyini deyəcək, bunun hansı formada əks etdirilməsi isə siyasi mədəniyyət məsələsidir" - Vladimir Putin belə deyib.

Rusiya baş naziri hər bir seçki qutusunda nəyin baş verdiyini ölkənin görməsi və saxtalaşdırma ilə bağlı istənilən söhbətlərə son qoymaq üçün Mərkəzi Seçki Komissiyasına bütün seçki məntəqələrində onlayn veb-kameralar quraşdırmağı təklif edib.

Daha sonra isə studiyada əyləşmiş insanların sualları ünvanlanıb. "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktov "müxalifətçilərə deyil, seçkinin nəticəsinə inanmayan və onların səslərinin oğurlandığını hesab edən insanlara nə deyərdiniz?" sualını verib. O qeyd edib ki, belə hallar qeydə alınarsa, məhkəmələrə müraciət etmək və onların obyektiv hərəkət edəcəyinə əsaslanmaq lazımdır. Etirazların rəmzinə çevrilmiş ağ lentləri də şərh edən Vladimir Putin bildirib ki, həmin lentlər ona QİCS-lə mübarizə rəmzlərini xatırladıb. Rəngli inqilablardan danışan Vladimir Putin küçələrə çıxan gənclərin çoxunun isə pul verilmiş tələbələr olduğunu deyib. "Hər şey aydındır - bu ictimaiyyətin mərkəzləşdirilməsi üzrə hazırlanmış sxemdir və öz-özünə yaranmayıb. Bu yolverilməzdir.
Bir çox insanlar Moskva meydanlarına hakimiyyətin onlara qarşı davranışına etiraz ifadə etmək üçün çıxıblar. Amma baxın görün ekranlardan nə görünürdü. İnsanları meydanlara çıxaran bəzi müxalifət liderləri "Qoyunlar irəli!" deyə qışqırırdılar. Bu nə deməkdir? İnsanlarla heyvan kimi davranmaq mümkündürmü? İnsanlar hakimiyyətdən narazıdırlar. Bəs onlar bu cür hakimiyyət istəyirlərmi? Özünü alçatmağa yol vermək qəbuledilməzdir."- deyə, Vladimir Putin bildirib.

Rusiya baş naziri 2012-ci ildə keçiriləcək prezident seçkisində seçiləcəyi halda ölkəni yeni sərhədlərə çıxarmağı başlıca tapşırığı hesab edir. Vladimir Putin hesab edir ki, cəmiyyəti fərqli qurmaq, siyasi sistemi möhkəmləndirmək, demokratik təşkilatlar bazasını genişləndirmək və Rusiya cəmiyyətinin yaşayışının bütün tərəflərini, xüsusən də siyasət və iqtisadiyyatı modernləşdirmək lazımdır.

Anspress.ws