Putinin azərbaycanlı sevgisi...

putinin-azerbaycanli-sevgisi
Oxunma sayı: 7284

Rəşad MƏCİD

Əvvəl təəccübləndim: nə yaxşı Rusiya prezidenti Vladimir Putinin bizim üçün sensasion sayıla biləcək fikirləri “şok xəbər” təşnəsi yeni mediamızın və sosial şəbəkələrin dəyirmanında əlüstü üyüdülərək geniş dövriyyəyə buraxılmayıb? Bir-iki istisnayla, saytlar niyə bu xəbərə etinasız yanaşıblar? Sosial şəbəkədəki “peşəkar təhlilçilər” bu xəbəri niyə çək-çevir etməyiblər?

Mənim Azadİnform İnformasiya Agentliyində rast gəldiyim, Rusiya mətbuatına istinadən yayılan xəbər isə beləydi: “Fransanın “Le Monde“ qəzetinin baş redaktoru Silviya Kaufmanın “İran hücuma məruz qalarsa, Rusiyanın münasibəti necə olacaq?” sualına V.Putin maraqlı cavablar verib... Putin deyib:

“İran əhalisinin əhəmiyyətli hissəsi etnik azərbaycanlılardır. Bu, təxminən 20 milyon nəfər edir. Sözsüz ki, İranda hər hansı münaqişə olsa, bu, Azərbaycana böyük qaçqın kütləsinə səbəb ola bilər. Bizim Azərbaycanla keçmiş SSRİ respublikası kimi xüsusi əlaqələrimiz var. Bizdə - Rusiyada 1 milyondan çox azərbaycanlı yaşayır. Sözsüz ki, bu bizim üçün sosial- iqtisadi və siyasi cəhətdən mənfi nəticələrə gətirib çıxara bilər. Ona görə İrana hər hansı hücum olarsa biz Rusiya olaraq azərbaycanlıları müdafiə edəcəyik”.

Sonra yeni mediamızın biganəliyinə təəccübüm öz yerini Rusiya prezidenti Vladimir Putinin fikirlərini təftiş etməyə verdi. Bu sözlər Rusiya prezidentinin dilindən təsadüfən çıxa bilməzdi. Bu fikirlər düşünülmüş, əvvəlcədən müzakirə olunmuş və məqsədli dövriyyəyə buraxılan, həm də altında çoxqatlı mənalar daşıyan, çoxşaxəli niyyətlər gizləyən siyasi məqsədin, planın yığcam, lakonik ifadəsi idi.

Putinin bu fikirləri bir budaqda oturub, yüz budağı silkələməyə bənzəyirdi. Rusiya prezidenti Moskvadan Yaxın Şərqə, regiona qarşı yönələn köhnə və yeni siyasi niyyətlərin anonsunu verirdi. Həm də bu fikirlər İran məsələsində həmişə həssaslığı ilə seçilən Fransanın məşhur qəzetinin redaktoru vasitəsilə maraqlı dairələrə Rusiyanın mövqeyi barədə bəyanat təsiri bağışlayırdı.

Yadınızdadırsa, İranı dəyişdirən 1979-cu il inqilabında peyda olan dini lider Ayətullah Xomeyni məhz Paris ətrafında sığınacaq tapmışdı. Və çaxnaşma içərisində olan İrana da lider kimi Parisdən “sovqat“ göndərilmişdi. Fransa həmişə İrana xüsusi və xoş münasibətilə seçilib. Amerikanın da Yaxın Şərqdə ən çox maraq etdiyi ölkələrdən biri İran olub. Görünür, vəziyyət o qədər ciddidir ki, Putin Yaxın Şərqdəki təlatümlərin növbəti hədəfinin hansı ölkə olacağı barədə dolğun informasiyası və həssas intuisiyasına əsaslanaraq, bu cür kəskin fikirlər bildirməklə öz mövqeyini ortaya qoymağa məcbur olub.

Bəs Putinin bu fikirləri – azərbaycanlılara bu canıyananlıq və sevgisi nəyə hesablanıb, arxasında hansı niyyətlər gizlənib? İranda 20 milyondan çox azərbaycanlının yaşadığını biz daha çox qeyri-rəsmi bəyanatlarda, çıxışlarda, söhbətlərdə eşidirik. Son yüz ildə azərbaycanlıların bir arzusu da bu fikirlərin yüksək rəsmi tribunalardan səslənməsi, böyük dövlətlərin başçılarının dilindən eşidilməsi olub. Bu, azərbaycanlılar üçün həssas, incə bir məqamdır. Sovet ideologiyasının azərbaycanlıları ikiyə bölünmüş xalq kimi təqdim etməkdə, şübhəsiz ki, gizlin siyasi niyyətləri, uzaqgörən planları, böyük məqsədi var idi. Yoxsa bu nəhəng imperiya azərbaycanlıların dərdinə yanmırdı ki! SSRİ-nin varisi olan ölkənin rəhbəri kimi Putin də bu həssas məqamı - siyasəti bilməmiş deyil.

İranda 20 milyon azərbaycanlı yaşayır! – bu fikirlər hansısa bir sıravi romantik azərbaycanlı vətənpərvərin yox, Rusiya prezidentinin dilindən çıxır! Təbii ki, Rusiya prezidenti söylədiyi fikirlərin normal münasibətlərdə olduğu qonşu İran rəsmilərinin ürəyindən olmayacağının fərqindədir. Amma yenə də deyir! Bu fikirlərdə İrana təhdid və qəzəbin, yumşaq desək, incikliyin əlamətlərini sezmək mümkündür.

Bəs bu nə inciklikdir? Bəlkə beynəlxalq güclərin İrana qarşı son yumşalmasında Rusiyanı qəzəbləndirəcək, qıcıqlandıracaq hansısa məqamlar var və Putin bundan narahatdır? Bəlkə bunu - İranın Avropa və Amerika ilə hansısa gizlin sözdələşməsini hiss etdiyinə görə öz etirazını bu yolla, bir az da hədə ilə çatdırır? Üstəlik, beynəlxalq güclərə də öz sərt mövqeyini açıq bəyan edir?..

Bu düşüncələr istər-istəməz 1946-cı il hadisələrini yada salır. O zaman Stalin qəfildən Sovet qoşunlarını İrandan çıxarmış və Təbrizdə Pişəvərinin rəhbərliyilə qurulan Azərbaycan Demokratik Respublikası İran hərbi qüvvələrinin hücumuyla süquta uğramış, azərbaycanlı fəallar qanına qəltan edilmişdi. Çoxları bunu - Sovet qoşunlarının qəfildən Təbrizdən geri çağırılmasını Amerika prezidenti Trumenin Stalinə hədə-qorxu gəlməsilə (“Siz İrandan çıxmasanız, biz okeanı üzüb ora gələcəyik“) izah edirdi.

Bəlkə Putin bu sensasion fikirlərilə yaxın tarixi, həmin hadisəni - Stalinin iradəsizliyini, Rusiyanın dəyişməyən arzularını həm İranın, həm iransevər Fransanın, həm də onun vasitəsiylə okeanın o tayındakı Amerika Birləşmiş Ştatlarının yadına salmaq istəyir? Bəlkə 1954-cü ildə Rusiyanın Ukraynaya bağışladığı Krımı geri aldığı kimi, 1946-cı ildə Stalinin iradəsizliyindən qoşunların geri çəkildiyi Cənubi Azərbaycana da oxşar iddiasını irəli sürür?..

Bu gümanlarımda nə qədər haqlı olduğumu, proqnozlarımda həqiqət payının neçə faiz təşkil etdiyini deyə bilmərəm. Çünki bizim üçün – azərbaycanlılar üçün yuxarıda dediyim həssas məqam, yüzillik gizlin xəyallar bəlkə də soyuq düşüncəni üstələyir! Arzular reallığı dərk etməyə mane olur!

Əlbəttə ki, Putinin azərbaycanlı sevgisinin səmimiliyinə inanmaq çətindir. Amma bəzi xalqların böyük dövlətlərin münaqişələrindən, müharibələrindən bəhrələndiyi hallar da olub. Necə ki, iki əsr əvvəl adıçəkilən dövlətlərin müharibəsinin nəticələrinin 100 il sonra ölkəmizin müstəqilliyinə gətirib çıxarmasına şahid olmuşuq. İrandakı azərbaycanlıların isə, indinin özündə belə, hansı milli haqq və hüquqlara sahib olduğu sirr deyil.

Böyük ambisiyalı dövlətlərin öz maraqları naminə, hansısa xalqa, müvəqqəti də olsa, xoş münasibət göstərməsi, sevgi, canıyananlıq imitasiyası sirr deyil. Hər halda, Rusiya prezidentinin dilindən belə fikrin dövriyyəyə buraxılması İrandakı 20 milyondan artıq azərbaycanlının həssas duyğularına təsirsiz ötüşməyə bilməz.

Putin daha sonra “Keçmış SSRİ respublikası kimi Azərbaycanla xüsusi əlaqələrin mövcudluğundan” danışır. Növbəti cümlələr artıq onun Azərbaycan Respublikasındakı azərbaycanlılara canıyananlığını nümayiş etdirir. Rusiya rəhbəri İrana hərbi müdaxilənin Azərbaycana miqrant axınına gətirib çıxaracağını, sosial partlayışa səbəb olacağını, sosial-iqtisadi və siyasi cəhətdən mənfi nəticələr törədəcəyini vurğulayır. Bu da Azərbaycan Respublikası üçün həssas məqamdır.

Son illərdə - beynəlxalq güclərin İrana qarşı hərbi müdaxilə söhbəti gündəmdə olandan bu məsələ əhalidə narahatlıq yaradıb. İrana hərbi müdaxilə gerçəkləşəcəyi təqdirdə, onsuz da bir milyon qaçqın və köçkünü olan respublikamıza yeni qaçqın axını ehtimalından narahatlıq başadüşüləndir. İndi Putin bu fikirləri səsləndirməklə Azərbaycan əhalisinin ikinci həssas nöqtəsinə toxunur.

Və nəhayət, Rusiyada bir milyondan artıq azərbaycanlının yaşamasını həvəslə, məmnunluqla səsləndirir. Bütün bunlarla, Rusiya prezidenti azərbaycanlıların qəlbindəki incə nöqtələrə toxunur və özünün “canıyanan, məhrəm adam” obrazını yaratmağa çalışır. Dediyim kimi, bu, incə düşünülmüş, məqsədyönlü bir gedişdir. Azərbaycana və azərbaycanlılara bu isti münasibətin arxasında Rusiyanın öz siyasi maraqları dayanır.

Amma bu bəyanatvari fikirlərin bir tərəfi də, heç şübhəsiz ki, Türkiyəyə və prezident Ərdoğana hesablanıb, ona ünvanlanıb. Yəni, “mən İrandakı, Azərbaycandakı, Rusiyadakı azərbaycanlıları heç də Türkiyədən, Ərdoğandan az istəmirəm, ondan az düşünmürəm”.

Yeri gəlmişkən, bir müddət əvvəl Rusiya-Türkiyə münasibətlərindəki gərginliyin fəsadları barədə bəziləri tərəfindən süngü ilə qarşılanan fikirlərimə qayıtmaq istəyirəm. İndi də əminliyimdə qalıram ki, Türkiyənin Rusiya hərbi təyyarəsini vurması yersiz və ziyanlı addım idi. Artıq zaman da göstərir ki, Türkiyənin bu addımının arxasında gizlənən, Amerikaya, böyük güclərə yönəlik ümidləri doğrulmadı. Əksinə, Türkiyə Rusiya kimi müttəfiqini itirdi. Neçə əsrdən bəri, ilk dəfə normallaşan Rusiya-Türkiyə münasibətləri əvvəlki - düşmənçilik nöqtəsinə qayıtdı. Türkiyənin böyük bir bazardan əli çıxdı. Üstəlik, ölkə içərisində separatçılar daha da qol-qanad açdılar, qonşu Ermənistan toy-bayram etdi.

Son vaxtlar Türkiyədə ard-arda baş verən terror hadisələrinin də məhz bu gərginləşmədən sonra artmasını təsadüfi saymaq olmaz. Fikrimcə, Türkiyə Rusiya ilə belə davranmasaydı, ABŞ-ın neftin qiymətini süni şəkildə endirməsinə qarşı Rusiyanın donkixotsayağı mübarizəsində, təkbaşına müqavimətində onu açıq-aşkar ayağa verməsəydi, dünyanı istədiyi kimi idarə etməyə iddialı gücə qarşı dura biləcək bir ittifaqı – sıx əməkdaşlığı baltalamasaydı, regionda gərginlik bu qədər sürətlə artmayacaq, heç bizim ölkəmizdə də belə sürətli devalvasiya olmayacaqdı! Fövqəldövlət öz gücündən istifadə edib neft ölkələrini, ona boyun əyməyənləri qəddarlıqla cəzalandırır! Bu ədalətsiz, haqsız müharibədə güclüyə, zora qahmar çıxmaq, ən azı öz çıxarlarını düşünməmək, xeyrini-şərini bilməmək acı sadəlöhvlükdü!

Vaxtilə Putinin səsləndirdiyi başqa bir fikir də dərhal diqqətimi çəkmişdi. Deyəsən, Almaniyada keçirilən hansısa mətbuat konfransında Rusiyada demokratiyanın durumu barədə sualı cavablandırarkən qəfildən onun dilindən təxminən belə cümlələr çıxmışdı: “Heç yerdə əsil demokratiya tapmaq mümkün deyil. Rusiyada məşhur söz var, deyir, hansı rusu qaşıyırsan, altından türk çıxır! Hər demokratiyanın da altında nə yatdığı məlum deyil”.

Belə bir misalı Rusiya prezidentinin dilindən eşitmək məni heyrətə salmışdı. Türklər rus hərbi təyyarəsini vurduqdan sonra Rusiyada baş verən isterik hadisələr dövründə Putin Türkiyənin bu hərəkətini “arxadan zərbə” adlandırdı: “Ətrafımda bir çoxları mənə “Türkiyə ilə çox yaxınlıq etmək olmaz” desələr də, bu fikirləri qulaqardına vurub Türkiyə ilə münasibətlərin daha da yaxşılaşdırılmasına şəxsən cox çalışırdım. Və aydındır ki, münasibətlər bir də əvvəlki kimi olmaycaq...” Putinin bu fikirləri də, qəfil dilindən çıxan o misalı sitat gətirməsi də, indi azərbaycanlılara bu canıyananlığı da, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşdırmağa şəxsən çox çalışdığını deməsi də hərdən onun bu fikirlərində səmimilik payının nə qədər olduğu barədə düşüncələrə rəvac verir. Yəni, bütün bunlar dövlət siyasətimi olub, ya hansısa şəxsi istəkmi, bəlkə gizlin, genetik bir amilin diktəsimi?!

Böyük rus şairi Tütçevin məşhur misrası var - “Rusiyanı ağılla anlamaq olmaz” (Умом Россию не понять). Bu ölkə və xalq barədə, onun qəribəliyi, gözlənilməzliyi, proqnozlaşdırılması mümkün olmayan hərəkətləri haqqında çox deyilib. Putinin Suriyayla, Ukraynayla, Krımla bağlı və digər proseslərdəki gözlənilməz qərarlarını aqressiv qarşılayan Qərbin, Amerikanın əsas səhvi onda oldu ki, Rusiyanı məhz “ağılla anlamaq” istədilər.

Beynəlxalq güclərin neftin qiymətini süni surətdə aşağı salmaqla Rusiyanı çökdürmək cəhdləri yanlışdır.

Baxmayaraq ki, bu üsul SSRİ-nin dağılmasında kara gəlmişdi. Amma Putin Qorbaçov deyil, çox ambisiyalıdır, həm də rus xalqının xarakterini yaxşı bilir. Neftin qiymətinin endirilməsi ilə rublun inflyasiyası sadə rusa o qədər də ciddi təsir etmədi. Müharibələrə, iqtisadi çətinliklərə az qala adət etmiş, yüz qram vodka və soyutma kartofla yaşamağın mümkünlüyünü çox təcrübədən keçirmiş rus üçün iqtisadi çətinliklər dözüləndir.

Təki hansısa utopik ideya, ruhlandırıcı ambisiya olsun! Yer üzündə ilk sosialist dövlətini, xəyali bərabərlik cəmiyyətini - kommunizmi qurmaq naminə qanlı inqilablar etmək də bu xalqın taleyinə düşüb. Rahat, problemsiz yaşayış amerikalı və avropalı üçün itirilməsindən qorxduğu səadət ola bilər, sadə rus üçün yox! İndi Putin sadə rus xalqının gözündə az qala bütün dünya ilə döş-döşə gələn qorxubilməz Cəngavər, yenilməz Bahadır, Rusiyanın hegemon dövlət olmasına çalışan qüdrətli Rəhbərdir. Elə ona görə də xalq arasında reytinqi gündən-günə artır.

Tarix Putin kimi ambisiyalı, qeyri-adi qərarlar qəbul edən dövlət başcılarını çox görüb. Onların uğur qazanaraq qalib gələni də olub, iflasa uğrayaraq məğlubiyyətlə barışanı da! Putinin ambisiyalı davranışlarının, gözlənilməz qərarlarının necə sonuçlanacağını demək çətindir. Anonsunu verdiyi növbəti münaqişənin gerçəkləşməsi, nə zaman başlayacağı və necə bitəcəyi də müəmmalıdır! Bizim üçün isə hər hansı tarixi fürsətdən xalqımız və dövlətimiz üçün yararlanmaq, heç olmasa, labüd müharibə və münaqişələrdən mümkün qədər az itkiylə çıxmaq vacibdir. İndiyədək çox belə fürsətləri fövtə vermiş olsaq da.