Qabları mən yuyacağam!

qablari-men-yuyacagam
Oxunma sayı: 1517



O vaxt biz hamımız subay idik. Subaylıq sultanlıq olmasa da, üstün cəhətləri də az deyildi. İstədiyimiz vaxt dost-tanışın evində gecələyə bilirdik. Jurnalistlərin sabit iş qrafiki olmadığı üçün valideynlərimiz də bunu normal qarşılayırdılar.

Həmin vaxtdan 15 il keçsə də, acılı-şirinli xatirələrələ zəngin olan o dövrü xatırlamağa çətinlik çəkmirəm. Biz hamımız – Etibar Cəbrayıloğlu, Müşfiq Ələsgərli, Nadir Azəri və mən “Bu gün” qəzetində işləyirdik. Qəzetimiz həftədə üç dəfə işıq üzü görsə də, bəzən gecə yarısına kimi redaksiyada qalırdıq. Hərəmiz şəhərin bir tərəfində yaşadığımız üçün redaksiyanın bizi evə taksi ilə yola salmağa gücü çatmırdı. Buna görə də çox vaxt Nadir Azərinin Dövlət İdarəçilik Akademiyasının yataqxanasındakı darısqal otağına üz tuturduq. Nadirin kasıb süfrəsinə qonaq olandan sonra özümüzə birtəhər yer eləyib, daş kimi yatırdıq. Nadir isə ev yiyəsi olduğu üçün çirkli qabları yumaqla məşğul olurdu. Bu proses qəlyanaltıdan sonra da təkrarlandığı üçün biz əməlli-başlı xəcalət çəkirdik. Arada ona kömək etmək istəsək də, Nadir qonşularının gözü qarşısında öz qonaqlarının qab yumağına heç vaxt razı olmurdu. Mən onun könlünü almaq üçün tez-tez belə deyirdim: “Qardaş, öz evin olandan sonra qonaq gələndə qabları mən yuyacağam”.

Sonra biz dua edirdik ki, hamımızın evi olsun. Biz inanırdıq ki, dualarımız bir gün qəbul olunacaq...

Biz Nadirə necə əziyyət verdiyimizi illər sonra başa düşdük. Nadir bizi – onun yataqxanadakı darısqal otağının qapısını ərklə aralayan iş yoldaşlarını yuxuya verəndən sonra qəzetin növbəti nömrəsi üçün məqalə yazırdı. Onun beynəlxalq mövzuda yazdığı məqalələrin böyük əksəriyyəti koridordakı sınıq-salxaq masanın üstündə ərsəyə gəlib. İşin ən çətin tərəfi isə o idi ki, Nadir səhər hamıdan əvvəl qalxıb, bizə qəlyanaltı hazırlayırdı. Təmizkar adam olduğu üçün otağı səliqəyə salmadan ayağını yataqxanadan bayıra qoymurdu. Buna görə də biz axşamdan bəri ikinci dəfə utana-utana dostumuz Nadir Azərinin qab yumağına tamaşa edirdik. Etibarla Müşfiq zarafata salıb, vəziyyətdən çıxmağa çalışsalar da, mən dilimin ucuna qədər gəlmiş sözləri heç vaxt geri qaytara bilmirdim: “Qardaş, öz evin olandan sonra qonaq gələndə qabları mən yuyacağam”.

Arzularımızın göyərməsi üçün 15 il gözləmək lazım gəldi. Bakının Səbail rayonu ərazisində jurnalistlər üçün tikilən binadan mətbuatımızın üç zəhmətkeş nümayəndəsinə - Etibar Cəbrayıloğlu, Müşfiq Ələsgərli və Nadir Azəriyə də ev verildi. Beləcə, darısqal yataqxana otaqlarına və kirayə evlərə “əlvida” deməyin zamanı çatdı. Gec də olsa, arzularımız çiçək açdı.

Dostlar, süfrə hazırlayın, qonağınız var. On beş il əvvəl verdiyim sözün üstündə dayanıram: qabları mən yuyacağam! Qapı-pəncərəni bağlamağa ehtiyac yoxdur. Qoy, hamı görsün ki, dostlarımın evi var...