“Qaçqın”a nifrətlə baxanlara

qacqina-nifretle-baxanlara
Oxunma sayı: 2641


Müharibə nədir, qaçqınlıq nədir, bilirsən? Bilirsənmi ki, hər gecə başını yastığa qoyanda rahat yata bilməmək, nədir? Ölmüş anasının buz kimi əllərindən yapışıb zülüm- zülüm isti göz yaşı tökən həmyaşıdını görüb ananın ətəklərindən yapışdınmı sən?

Sən heç müharibəyə gedən atan tez qayıtsın deyə hər gecə qapının dabanına bıçaq sancıb oturub pəncərədə gözləmək nədir bilirsən? Yaşıdların həyət-bacada top oynayanda həyat səni top əvəzinə o bucaq, bu bucağa atıb oynatdımı heç? Rütubət divarlar arasında, tavanından su daman hücrələrdə uşaq oldunmu, böyüdünmü sən? Atandan, qardaşından utandığın üçün bir otağın içində neçə il paltarlı yatıb durdun? Bir balaca otağın olsun deyə neçə yaşıdına həsəd apardın? Bunları bilməyənlər lütfən sussunlar. Belə durumlarda sükut hüzurvericidir çünki. 20 ildir kollektiv, sürü halında bir otaqda beş nəfər yaşayan ailələrin əlbətdəki bu hökümətdən bir şeylər istəməyə haqqı vardır. Neftdən gələn gəlirlərin göyə sovurulduğu, milyardlıq otellərin ucaldıldığı, məmur balalarının meydanda at oynatdığı bu məmləkətdə torpağını, evini, malını-mülkünü, balasını, anasını, uşaqlığını, sağlamlığını hər şeyini itirən “qaçqın” dediyiniz bu insanların evlilik çağında olan oğlu üçün ev istəməsi istehza ilə qarşılanmamalıdır. Məcburi köçkünlər üçün salınan şəhərciklərdə qaçqınlara bir otağı artıq olan evləri pul ilə satan məmurlara tuşlamalısınız bu istehza dolu sözlərinizi. Onları mühakimə etmək lazımdır, adam kimi yaşamaq üçün bir ev artıq istəyən məcburi köçkünü yox. 20 ildir bağça, məktəb köşələrində, tələbə yataqxanalarında ömürləri bitən insanlar normal insan kimi yaşamaq istəmişlər çoxmu yer etmiş bizlərə. Amma beş yerdə evi olan insanlara dövlət tərəfindən ayrılan evlər ərmağan olunur heç bunun hesabını soranımız yoxdur. Elə uzağa getmirəm jurnalistlər üçün ayrılan evlərin sahiblərinin neçəsi küçələrdə qalanlar idi? Niyə onda dilimizi bükələyib qoynumuzda saxladıq. Yalnız məzlumun üzərindəmi cəsarətimizi sınayırıq, budurmu bizim insanlığımız? Uzaq Somalidə, Fələstində, Türkiyədə insanların halına burda ağının birini götürüb birini qoyan, artistliyin pik nöqtəsinə çıxan həmvətənlilərim niyə öz torpağının insanına bu qədər laqeyid, bu qədər duyarsız yanaşır? Nədir içimizdəki bu özgə sevgisi?

Gənc yazar Günel Mövlud bir yazısında yazırdı ki, mən çadır şəhərciyində böyüsəm də erməniyə nifrət eləmirəm. Ola bilər ki, o humanistdir mən vəhşi ruhluyam. Mən erməniyə atamın ayağındakı qəlpələrə görə həmişə nifrət eləmişəm, yarım qalan uşaqlığıma görə nifrət eləmişəm, heç vaxt özümə aid bir otağım olmdığına görə, “kollektiv” həyat tərzi keçirdiyimə görə nifrət eləmişəm, öz vətənimin insanları tərəfindən həmişə dışlandığıma görə nifrət eləmişəm. Amma bir şeyi etiraf edimmi əziz bacı-qardaşlarım. Mən nə qədər nifrət etsəm də heç vaxt bir erməni öldürə bilmərəm.

Müharibənin yaralarını almayan, atəşkəs dövründə doğulan bir uşağın bu gün “qaçqın” deyib bizlərə istehza etməsi nə qədər acıdır. Müharibəni biz başlatmadıq bacım-qardaşım, biz istəmədik qaçqın olaq. Biz istəmədik gəlib sizin məhəllərinizdə yerlərinizi dar edək, istəmədik, vallah istəmədik biz bunları. Buna görə bizə yox erməniyə tuşlamalısınız o nifrət dolu baxışlarınızı, sözlərinizi.