“Qadın bezlərinin reklamı necə verilirsə, prezervativ də elə verilməlidir”

“Qadın bezlərinin reklamı necə verilirsə, prezervativ də elə verilməlidir”
Oxunma sayı: 3522

“Cari ilin ilk 3 ayında İİV-ə yoluxduğu yeni aşkar olunan insanların sayı 108 nəfər olub”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri QİÇS-lə mübarizə mərkəzinin direktoru  Esmira Alməmmədova QİÇS- dən dünyasını dəyişmiş insanların Ümumdünya Xatirə günü ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, son bir ildə dünyada İİV-ə yoluxanların sayına baxdıqda bu rəqəm 1,1 milyon təşkil edib. Onlardan 110 mini uşaqlardır. Hazırda İİV-lə yaşayan insanların sayı 36,7 milyon nəfərdir:

“Azərbaycanda QİÇS-in yayılma halları az olsa da, ancaq ölkə risk qrupundadır. Cari ilin ilk 3 ayında İİV-ə yoluxması yeni aşkar olunan 108 nəfərdən 107-i azərbaycanlı, 1-i isə əcnəbidir. 107 nəfərdən 71-i kişi, 36-sı isə qadındır. Qadınlar daha çox cinsi əlaqə zamanı bu infeksiyaya yoluxur. QİÇS mərhələsinə keçənlərin sayı isə 31 nəfərdir. Bu ilin 3 ayında 19 nəfər dünyasını dəyişib. 

51 nəfər heteroseksual, 4 nəfər homoseksual əlaqə zamanı, 4 nəfər isə anadan uşağa ötürülməklə yoluxub.

Ümumilikdə 1987-ci ildən bu ilə kimi Mərkəz tərəfdən 5269 nəfərin İİV-infeksiyasına yoluxması qeydiyyata alınıb. Onlardan 3796-ı kişi, 1473-ü qadındır. Hazırda hər kəs pulsuz şəkildə müayinədən keçə bilər və bu analizlər tam məxfi saxlanılır”.

Hüquqi İnkişaf və demokratiya İB-nin zədri Zülfiyyə Mustafayeva bildirib ki, hazırda TV və radioda prezervativlər reklamı qəti verilmir: “Qadın bezlərinin reklamları necə verilirsə, bu da eyni cür olmalıdır. Seks işçiləri qorunmaq üçün qoruyucu məsləhət görsə də, müştərilər qəti imtina edir. Yalnız bizdə müştəri artıq pul təklif edərək qoruyuculardan imtina edir. Hazırda seks işçiləri maarifləndirilsə də, müştərilər hələ də qorunmaqdan imtina edir.

Kişilər bəzi hallarda fiziki zorakılıq, bəzi halda da yüksək məbləğ təklif edərək qoruyuculardan imtina edirlər. Hətta qoruyucu təklif edildiyi halda müştərilər qarşı tərəfin yoluxucu xəstəlik daşıyıcısı olduğunu düşünür”.

Sonda jurnalistlər İİV-in test müayinəsindən keçib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi