Qadın olmaq ayıbdır!

qadin-olmaq-ayibdir
Oxunma sayı: 4993

Nərmin Dadaşova

Bir neçə gün əvvəl feysbuk hesabımın məktub qutusuna tanımadığım bir xanımdan mesaj gəldi. Xanım mənimlə görüşmək istədiyini, söhbət etməyə ehtiyacı olduğunu, həyatından bezdiyini yazmışdı.

Onu yalnız mənim anlayacağımı düşünürdü. Təbii olaraq ilk işim xanımın səhifəsinə nəzər salmaq oldu. Başqa ad və soyadla açılmış profilində başı hicablı balaca qız uşağı rəsmi olan orta statistik Azərbaycan qadınına məxsus hesabla məni ortaq qılan yeganə məqamın hər ikimizin də “Xoşbəxt qadınlar klubu” adlı səhifəyə üzvlüyümüzün olması canımı xeyli sıxmışdı. Xanımın müraciətindən mütəəssir olmuşdum. Çünki elə həmin ərəfələrdə özüm də parçalı-buludlu olan əhvalımı, psixo-emosional vəziyyətimi qaydaya sala bilmək üçün bir mütəxəssisdən kömək istəmişdim.

Erkən yaşda ailə qurmuş, bir neçə ay sonra ayrılmaq məcburiyyətində qalmış gənc xanım bu dünya ilə o dünya arasında - arafda idi. Yaşamaq, təzədən başlamaq,  başını nə iləsə qatmaq istədiyini deyəndən dərhal sonra üzünə sonsuz bir ümidsizlik çökürdü. Çünki o, bütün bunları tək başına edəcək gücdə deyildi, əksər boşanmış qadınlar kimi onun da əlindən tutub qaldıranı yox idi. İş o yerə çatmışdı  ki, məni - tanımadığı, bilmədiyi birini özünə dayaq seçmişdi...

Yuxarıda yazdığım yalnız qadınların üzv oduğu çox nadirən kiminsə xoşbəxliyini bölüşdüyü, adı ilə mahiyyəti tərs mütənasib olan “Xoşbəxt qadınlar klubu”nu izləyəli aylar oldu. Paylaşılan bütün postları, bəzən bircə-bircə yazılan şərhləri belə oxuduğum olub, oxucu dost. Ailə-məişət qayğılarından tutmuş intim həyatlarına qədər müzakirəyə çıxarırlar postlarda. Ancaq anonim şəkildə, adlarını gizlədərək.  Əslində bizim cəmiyyətdə bu paylaşımların məhz anonim olması başadüşüləndi. Çünki bizim ayıb anlayışımız, əxlaq-namus kodekslərimiz düzgün formalaşmayıb. Həyat yoldaşının adını çəkəndə üzr istəyən adamlar var ətrafımızda. Belə deyirlər: “Üzr istəyirəm, uşaqların anası....”

Hər şeyi ayıblayırıq, çox şeyi adı ilə çağıra bilmirik. Lazım gələndə yolumuzu nə androloqdan sala bilirik, nə psixiatrdan. Ginekoloqun qəbuluna qayınana gəlindən əvvəl soxur özünü. Vallah, gözümlə görmüşəm. Ayıbdır! - Hamiləlik, sevmək, sevişmək, mensturasiya olmaq - ümumiləşdirsək - qadın olmaq ayıbdır bu ölkədə! Məhz qadın olmaq! Fikir verirsinizmi son zamanlar nə qədər artıb başını götürüb qaçan iki, üç uşaq anaları? Arxalarınca da “hər şey qaydasında idi, üç uşağı, gül kimi ailəsi vardı” deyirlər. Hə, üç uşağı vardı, çünki onunla qadın kimi yox, uşaq doğan maşın kimi rəftar olunurdu. Çünki o planlaşdırılmış hamiləlikdən xəbərsiz idi. Çünki o oğlan dünyaya gətirənə qədər “balalamaq” zorunda idi. Qarşılığında bir cüt xoş söz eşitmədən, xoş üz görmədən. Alıb başlarını gedirlər qadınlar... Sizə həmişə demişəm, yenə də deyirəm, qadın gedirsə deməli haqlıdır...

P.S: Qadın demişkən, Qadınların V forumu çərçivəsində keçirilən panel iclasında Məleykə Abbaszadə qız valideynlərindən narazılıq edib. Deyib qızlar yüksək nəticə əldə etsələr də böyük şəhərlərdə oxumalarına valideynləri əksər hallarda icazə vermirlər. Qızlar riyaziyyat müəlliməsi olmağı seçirlər, mühənsdis olmağı yox... Hə, yenə döndük dolaşdıq gəldik eyni yerə - ayıblarımıza...