Qadına yer verib-verməmək mənim öz işimdir...

qadina-yer-verib-vermemek-menim-oz-isimdir
Oxunma sayı: 2334

Nadir Qocabəyli

(2-ci hissə)

Bu adama baş qoşmayıb, arxadakı yerlərdən birinə keçdim. Həm də nə fərqi, arxa, ya qabaq? Lap arxada mühərrikin üstündəki divana bənzər beş nəfərlik yer olmasın, yetər. Çünki o yerə mühərrikin istisi vurduğundan, səsi bərk gəldiyindən, söykənəcəklər qısa olduğunudan, özündən başqa dörd nəfərlə yayın istisində ət-ətə oturub 900 km yol getmək son dərəcə əzablıdır. Amma avtobusda sərnişin az olduğu üçün, həmin yerdə əyləşən də yox idi. Hətta iki yerlik oruracaqların hərəsində bir nəfər oturmuşdu.

Avtobusda qayda-qanun yaradan adamcıq onu ictimai hamam, ya da ayaqyolu kimi, qadın-kişi hissəsinə böldükdən sonra yolpullarını topladı. Mənsə bu xoşagəlməz əhvalatı unutmağa çalışaraq, Samur gömrük-keçid məntəqəsinə çatanacan, avtobusun pəncərəsindən vətənimizin ürək açan və açmayan mənzərələrini seyr etdim.

Gömrükləri keçənə qədər gecə düşdü və qonşularımdan Beslana ancaq səhər tezdən çatacağımızı öyrənib, mürgüləməyə qərar verdim. Odur ki, bundan sonra avtobusumuzda hansı proseslərin baş verdiyindən də, təbii ki, xəbərim olmadı.

Geri qayıdarkən yenə həmin avtobusun xidmətindən istifadə etməli oldum, çünki tanış-bilişdən öyrəndiyimə görə, başqaları yox idi. Şimalı Qafqazın o gözəl yerlərini, hörmətli merimiz demişkən, Bakımızla birləşdirən daha bir neçə mikroavtobusun telefonunu öyrənsəm də, Pyatiqorskun, Nalçikin avtovağzallarına zəng vursam da, alternativ tapa bilmədim. Sözün doğrusu, məni Bakıdan bu yerlərə gətirən avtobusun xidmətindən elə bir narazılığım yox idi, başqasını sadəcə geri qayıtma vaxtı məni bir gün ləngitdiyi üçün axtarırdım. Yoxsa yenə arxadakı yerlərdən birində oturub, Qafqazın gözəl təbiətindən zövq ala-ala, mürgüləyə-mürgüləyə gedəcəkdim. Qabaqdakı yerlərdə isə kimlərin və hansı mülahizələrlə oturacağı mənimçün o qədər də maraqlı deyildi. Daha doğrusu, əyalət mənşəli, çox güman ki, təhsilsiz, bu səbəbdən məhdud dünyagörüşlü insanların idarə etdikləri özbaşına bir avtobusda bunu bir qədər təbii hal kimi qəbul edirdim. Məgər bizdə rayon yerlərində, lap elə bəzən şəhərdə də bir çox məclislərdə qadınlarla kişilər ayrı oturmurlar? Bu avtobus da olsun həmin məclislərin biri.

Nə isə, avtobusun baş sürücüsü, həm də rəhbəri olan “Hacı” titullu səs-küylü adam (telefonda onu səsindən tanıdım) şənbə günü saat 12-nin yarısında onları Beslan avtovağzalında gözləməyimi buyurdu.

Mən deyilən vaxtdan yarım saat əvvəl gəlsəm də, avtobus saat yarım sonra gəldi. Problem yoxdu, biz belə şeylərə alışmışıq, heç gəlməməsindənsə, bir saat gecikməsi yaxşıdır. Hacıyla mehribancasına görüşüb, hal-əhval tutduqdan sonra (elə bil, neçə ilin dostlarıydıq) harada otura biləcəyimi soruşdum. Dedi ki, uşaqlar göstərərlər. Boş yerlərin bir neçə gün əvvəlki kimi, yenə çox olacağını zənn etdiyim üçün, avtobus yola düşənə qədər məni yola salan qohumlarla bir qədər də boşboğazlıq etdik.

Minəndə və avtobus artıq qaz verərək sürət götürəndə məlum oldu ki, yerlər dolub. Hacının “uşaqları” məni yerləşdirmək üçün bayaq haqqında danışdığım mühərrikin üstündəki divanabənzər beş nəfərlik ən arxa yerdə oturan cavan oğlanlardan birini durğuzub, avtobusun arxa şüşəsinin önündəki yerə uzandırdılar, çünki bildiyimiz kimi o yerdə ayaq sallamaq mümkün olmadığı üçün ya gərək uzanasan, ya da ayaqlarını altına yığıb bardaş qurasan. Ancaq yəqin ki, bardaş quraraq oturan adamın başının avtobusun tavanına dəyib yarılması ehtimalı yüksək olduğundan, onu uzandırdılar. Ya da ümumiyyətlə heç bu barədə düşünmədilər və sərnişinlərin həmin yerdə oturdulması təcrübəsi olmadığından bu üsul ağıllarına gəlmədi. Axı yeni üsullar yaradıcı təfəkkürün məhsulu kimi ortaya çıxır, bu adamlarda isə onun olması çukçanın muğamat oxuması qədər müşkül bir məsələ idi.

Dedim ki, mən bu yerdə oturmaq istəmirəm, 900 km-lik yolu belə bir narahat yerdə yol getmək səhhətimin imkanlarına uyğun deyil. Dedilər ki, başqa yerimiz yoxdur. “Yeriniz yox idisə, bunu əvvəldən mənə deyərdiniz, mən də işimi bilərdim”. Gələrkən avtobusu yas məclisi kimi ikiyə bölən adamcıq naəlac qalıb dedi ki, oturun, bir şey fikirləşərik.

Deyinə-deyinə oturdum. Baxdım ki, bu dəfə avtobusun çoxunu qadınlar tutub və kişilər arxadakı 10-12 yerə sıxışdırılıb. Yanımdakılardan biri dərhal mənə xəbər verdi ki, qabaqda bəzi qadınlar iki yeri təkbaşına tutublar. Soruşdum ki, iki yerin pulunu veriblər? Cavab verdi ki, yox əşi, sadəcə tutublar.

Az sonra 20-22 yaşlarında gənc, saçları, qaşları və kirpikləri günəşin vurub bozartdığı ot kimi sap-sarı bir oğlan peyda oldu. O, sərnişinlərə Cola və Fanta təklif edirdi. Mənə çatanda adi, ya da mineral suları olub-olmadığını soruşdum. Qayıtdı ki, bizdə ancaq Cola və Fantadır. Ərkyana, həm də istehlakçı təklifi formasında söylədim ki, menyunuza dediklərimi də əlavə etsəniz, pis olmaz. Yenə cavab verdi ki, onlarda ancaq Cola və Fanta olur. “Anladım oğlum, amma adi su da versəniz, yaxşı olar.” “Siz heç başqa avtobuslarda belə şey görmüsüz? Çox sağ ol deyin ki, bunu veririk...” Bu onun sərnişinə verdiyi növbəti cavab oldu. Əsəbiləşdim. “Oğlum, mən belə avtobusa 20 il bundan qabaq, bəlkə də, sən hələ bələkdə olanda Türkiyəyə gedərkən və Türkiyə ərazisində minmişəm və o avtobuslardakı xidmətin səviyyəsi, sərnişinlərə münasibət sizdəkindən qat-qat yüksək idi.” Sarı oğlan deyəsən, heç nə anlamadı və dedi: “Biz ancaq Cola və Fanta veririk, içən içir, içməyən də içmir.” Mənə indi çatdı ki, bu “Sarıca Çobanın” beyninə iki şey yüklənib: Cola və Fanta. Ondan başqa heç bir proqramı qəbul edə bilmir. RAM-ı çox aşağıdır. Ayağa qalxıb, avtobusun ön tərəfinə doğru getdim. Hacı yenə, kiminsə haqqında “qoy rədd olsun ə, moşennikin biridir” deyirdi.

“Hacı, – əsəbi tonda dedim, – sizin avtobusun xidmətindən son dərəcə narazıyam!” “Niyə, qadası?” – Hacı çox mehriban tərzdə və şirin dillə cavab verdi. “Ona görə ki, birincisi, niyə normal yeriniz olmadığını, lap arxa yerdə oturacagımı mənə əvvəlcədən deməmisiniz? İkincisi, işçilərinizə, niyə sərnişinlərlə normal davranmaqla bağlı təlimat vermirsiz? Üçüncüsü də, bu nədir, avtobusu arvad-kişi hamamına bölmüsünüz? Biz neçənci əsrdə yaşayırıq, bu nə deməkdir, qadınlar qabaqda, kişilər arxada? Bununla nə demək istəyirsiniz? Siz biletinizi satın, sifarişləri növbəlilik prinsipiylə qəbul edin. Qadına yer verib-verməmək mənim öz işimdir. Sizin belə bir hüququnuz ola bilməz. Bu, qanunsuzdur. Bura şəriət dövləti deyil...” Daha nələrsə dedim, amma yadımda deyil.

Birinci hissəni buradan oxuya bilərsiz

Ardı var...