Qadını mühərrik yağına bənzədən polkovnikin qara gələn yayı

qadini-muherrik-yagina-benzeden-polkovnikin-qara-gelen-yayi
Oxunma sayı: 4169

Azər Qismət

“Mühərrik yağlarının konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi'” adlanan kitabın müəllifi işdən çıxarıldı. Necə də ağır məsələdir. Həyatının bu yaşında bir kitaba görə işdən çıxarılasan. Sual yaranır ki, bu sənə lazım idi? 

Yazılanlara görə qadın kişinin sol qabırğasından yaranıb. Bunu həm səmavi kitabla, həm də kişinin sol qabırğasının birinin olmaması ilə izah edirlər. Dünyada ən birinci mühərrik yağı isə 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilib. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. O, eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamışdır. Kimin ağlına gələrdi ki, bizim polkovnik səmavi kitabla Con Ellisin patentini eyniləşdirəcək.

Mühərrik yağı bölməsində onu qadınla assosasiya etmək tam ağlasığmaz məsələdir. Əgər bizə aydın məsələdən yazılırsa, həmin hissədə benzindən də bəhs etmək olardı. Yəni, benzin tökülür və qadın hərəkətə gəlir. Yəni, maşın qadın, onu hərəkətə gətirən benzindirsə, mühərrik yağı hardan çıxdı? Polkovnikin iddiasına görə o, kitabın oxunması üçün belə varianta əl atıb. Ümumiyyətlə, yeni növ ədəbi nəslin xaricdəki bəzi nümayəndələrində nəsrə yanaşma tərzi fərqlidir. Məsələn, siyasi məsələlərə dair bədii romanlarda heyvanlardan nəsə qatlır. Tutaq ki, super derjavadan birini filə, əzilən ölkəni qarışqaya bənzədirlər. Belə yanaşma xaricdə yenilik deyil, polkovnik ilkini etdi. Ancaq intim sözlərlə və qadını aşağılayacı tərzdə.

Kitab üçün əlavə edilən misallar da yerinə düşmür. Məsələn, yazılır ki, dul qadın üçün yağın yeni və köhnə olmasının fərqi yoxdur. Necə yəni yoxdur? Belə çıxır ki, dul qadın küçələrdə eşələnən səfillərlə yata bilər, ya da vərəm xəstələri ilə münasibət qura bilər. Yəni, dul qadın sıradan çıxmış, artıq həyatının sonu gələn qadındır, kim istəyir onunla əylənsin. Yaxud, yazıb ki, təzə maşına təzə yağ lazımdır. Belə çıxır ki, köhnə maşına elə köhnə yağ tökülməlidir? Bu polkovnik lap aləmi qarışdırıb, məsələləri kəllə-mayallaq qoyub.

Kitabın bəzi hissələrinə əlavələr isə ümumiyyətlə yerinə düşmür. Kitabda yazılıb: “Yanacağın tam yanması zamanı ayrılan istiliyin miqdarına yanacağın yanma istiliyi deyilir”. İndi isə tamamilə uzlaşmayan cümləyə fikir verin: “Sevgili peyğəmbərimiz Həzrəti Məhəmməd buyurur: “ Dörd şey insanı cavan ikən qocaldar, bəzən də öldürər: 1. Tez-tez cinsi əlaqədə olmaq. 2. Toxqarına yemək. 3. Toxqarına çimmək. 4. Yaşlı qadınla evlənmək”. İkinci cümlənin birinci cümlə ilə uzlaşması heç cür alınmayıb. Sanki, polkovnik nəyi hara gəldi, necə gəldi tullayıb.

Növbəti hissəyə nəzər salsaq bunu aydın görərik: “Çalışın təzə maşın alın. Heç bakirə qzıla dul arvad eyni ola bilərmi?”. İndi növbəti cümləyə baxın: “Bəziləri köhnə maşına xalat istəyirlər”. Tamamilə yerinə düşməyən sözlər.

Polkovnik deyir ki, bunu nazirliyin əməkdaşlarının oxuması üçün edibmiş. Burdan belə çıxır ki, əməkdaşlar intim sözlər olmayan heç nəyi oxumurlar. Hətta, öyrənməli olduqlarına intim zəfəran qatılmasını istəyirlər: “Yox, burda seks olmasa, oxumayacağam”. Belə çıxır ki, əməkdaşlar manyakdır və işdə ancaq o tipli saytlara baxırlar, miqalka qadın formasındadır, siqnalizasiya da intim səslərdən ibarətdir. Polkovnikin sözlərindən belə çıxır.

Bir əsərdə polkovnikin payızı qürub etmişdisə, bunun yayı qara gəldi.