Qadının çantasını alıb qaçdı, polis təqib edərək yaxaladı - Sumqayıtda

qadinin-cantasini-alib-qacdi-polis-teqib-ederek-yaxaladi
Oxunma sayı: 773

Avqustun 16-da Sumqayıt şəhəri Zülfü Hacıyev küçəsində naməlum şəxs yolu keçən bir qadının içərisində qızıl-zinət əşyaları, bank kartı və pul olan çantasını alaraq qaçıb. DİN-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qadın yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat verib.

Ərazidə xidmət aparan Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları baş serjantlar Sahib Əkbərov və İsa Hüseynov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alaraq qaçan şəxsi təqib etməyə başlayıblar. Cinayəti törədən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda yaxalanaraq  ələ keçirdiyi maddi sübutlarla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) təhvil verilib.

Araşdırma zamanı cinayət törədərək qaçmağa cəhd göstərən şəxsin Bakı şəhər sakini  Nizami Ağəliyev olduğu məlum olub və o, ifadəsində törətdiyi cinayəti etiraf edib.   
 
Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.