Qadınlar hərbi xidmətə çağırılacaq- - Qanun

qadinlar-herbi-xidmete-cagirilacaq-
Oxunma sayı: 1842


“Qafqazinfo” AzərTaca istinadla xəbər verir ki, Norveç qadınların məcburi hərbi xidmət keçmələri haqqında qanun qəbul edən ilk Avropa dövləti və ilk NATO üzvüdür. Bu qanuna əsasən orduya 18 yaşından yuxarı qadınlar cəlb olunacaq və onlar 19 ay hərbi xidmət keçəcəklər. Əvvəllər şəxsi heyətin 12,5 faizini təşkil edən norveçli qadınlar orduda könüllük əsasında xidmət edirdilər.

Hazırda qadınlar üçün məcburi hərbi xidmət İsrail və Myanma dövlətlərinin silahlı qüvvələrində tətbiq olunur. 1986-cı ildə qəbul edilmiş qanuna əsasən İsrail ordusunda 18 yaşdan yuxarı, ərdə olmayan sağlam qadınlar 24 aylıq hərbi qulluğa çağırılırlar. Hərbi qulluqdan imtina onların cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər. Hazırda qadın hərbçilər İsrail ordusunun 33 faizini təşkil edir. Myanmada isə 18-27 yaş arasında olan qadınlar 2011-ci ildən hərbi xidmətə çağırılırlar.

Bir çox ölkələrdə isə qadınlar hərbi xidmətə könüllük əsasında cəlb olunurlar. ABŞ-da 1942-ci ildən başlayaraq qadınlar xüsusi təyinatlı hissələr istisna olmaqla bütün qoşun növlərində xidmət edə bilərlər. Hazırda ABŞ ordusunun 20 faizini zərif cinsin nümayəndələri təmsil edir.

Qadınların könüllük əsasında hərbi xidmətə cəlb olunması praktikası Kanadada 1895-ci ildən, Böyük Britaniyada 1917-ci ildən, Almaniyada 1975-ci ildən, İsveçrədə 1980-ci ildən, İspaniyada isə 1989-cu ildən tətbiq edilir. Avropada 22 faizlik göstərici ilə ən “feminist” orduya Fransa malikdir. Fransız qadınlarına 2014-cü ildən hərbi əməliyyatlarda iştirak etmək hüququ da verilib.

İranda isə daxili işlər idarəsinin nəzdində qadınlardan təşkil olunmuş xüsusi təyinatlı yarımhərbi birləşmə - “Əz-Zəhra” taboru İslam Keşikçiləri Korpusunun bayrağı altında fəaliyyət göstərir.