Qadınlar və kişilər: nigah vacibdirmi?

qadinlar-ve-kisiler-nigah-vacibdirmi
Oxunma sayı: 2558

Azər Qismət

Son illər kitab dərcində artım müşahidə edilir. Bəziləri belə hesab edir ki, kitab rəfləri yerli müəlliflərin əsərləri ilə dolu olsa yaxşıdır. Digərləri isə çox kitabı keyfiyyətə yox, kəmiyyətə hesablayır, bu da pisdir. Bu məqsədlə kitab müzakirəsinə toplaşdıq. Amma kitab qaldı kənarda, müəlliflərin arxasınca danışıldı, millətimizin yaxşı-pis xüsusiyyətləri barədə söz açıldı. Və kişi-qadın münasibətlərinə qədər xırdalıqlara varıldı. 

Beləliklə, kitab müzakirəsindən peşman qayıtdım. Bəlkə də yox, bunu zamana buraxıram. Lakin o müzakirədə bir mövzu daha çox yadımda qaldı. Söhbət Avropadakı kişi-qadın münasibətlərindən düşdü. Səs-küy yaradan mövzu belə idi: kişi ilə qadın nigaha girməlidir, yoxsa neçə il birgə yaşayıb, bir-birini tanıyıb izdivac qurmalıdır. Özünə əl qatan qırmızı saçlı gənc qız siqaretini bir-birinə calamışdı. Ayağını bir başmağa dirəmişdi ki, nigah bağlamaq olmaz. Əvvəlcə neçə il yatıb-durmalı, biləndə ki bunlarda alınır, onda nigaha girməlidirlər.

Aramizda çox yaşlı yazıçı da vardı. Müəyyən etik səbəblərdən adını çəkmirəm. Həmin yazıçı yerində çox qurcalandı. Nəsə canını maraq bürümüşdü. Buna maraq bürümək də deməzdim, sadəcə içindən partlayırdı. Sual verdi ki, birgə yaşayış zamanı qız qızlığında qalır, oğlan da oğlanlığında? Qırmızı başlı qız anlamadı. Eləcə dedi ki, qız - qız ruhunda qalır, oğlan da oğlan ruhunda. Baxır özlərini cavan saxlamağa. 
Yaşlı yazıçı bozardı. 

-A bala, deyirəm aralarında haqq-hesab olur?
-Əlbəttə.  Bütün işlərini haqq-hesab edirlər. Evdən nə vaxt çıxıblar, işdən nə vaxt qayıdıblar. Bir-birinə hesabat verirlər.
Yaşlı yazıçı lap bozardı.
-İşə keçdik də.... Deyirəm ki, gecələr beynəlxalq məsələlərdən danışırlar?- deyə bu yerdə “Bəxt üzüyü” filmindən misal gətirib anlatmağa çalışdı. Amma yanılırdı ki, əksər gənclər kimi bu qız da Azərbaycan filmlərindən bixəbərdir.
 Qız dedi:
-Ola bilməz ki, gecələr beynəlxalq məsələləri müzakirə etməsinlər.
Yaşlı yazıçının növbəti dəfə necə bozarmasını sözlə ifadə etmək çətindir.
-A bala, bir-birinə görüm-baxım edirlərmi?
-Hə, bir-birinə borc verirlər. 
Müxtəsəri rəfiqəsi qızın qulağına kişinin nəyi nəzərdə tutduğunu pıçıldayanda qızın gülüşü siqaretinin uzun külünü də əsdirdi.
-Əlbəttə. Qız qadın olur, oğlan kişi.
-Bıyyy. Bəs, birdən araları dəydi?! Qızı ondan sonra hansı kişi qəbul edəcək?
Qız bunun problem olmadığını bildirib əlini yellədi. 
-Qız taleyini başqa kişidə axtaracaq.
Kişi lap coşdu.
-Bu, necə olur? Birdən onunla da arası dəydi.
-Yenə başqasını axtaracaq. Axır ki, kiminləsə tutacaq.
Yaşlı yazıçının qızı divara dirəməsi iştirakçıların marağına səbəb olduğundan, söz duelinin necə qurtaracağını maraqla izləyirdilər. Konservantlar kişinin, müasir təfəkkür sahibləri qızın tərəfinə keçmişdilər. Yaşlı yazıçı bundan daha da cuşa gəldi.
-Elə ömür boyu axtara-axtara qocalar ki.
-Niyə elə neqativlik saçırsız. Hər işə pozitiv hisslərlə yanaşmaq, başlamaq lazımdır. Onda iş də, sevgi də alınacaq. 
-A qızım, o işə həvəslə başlayarlar ki, sonu görünsün. Mən çıxım kişi axtarım ki, harda tapdım evlənim?? Belə iş olar?
-Siz nə təklif edirsiz? İndi qızlar uyğunlaşa bilmədiyi kişi ilə ömrünü çürütməlidir? Elə yarımçıq boşanmaqdansa, əvvəldən nigah bağlamaq lazım deyil.

Müzakirə qızışırdı. Qıza veriləcək cavabı mən də səbirsizliklə gözlədim. Kişi dedi:
-Bəs, babalarımız nişanlı qalmağı sınaq müddəti kimi düşünüblər də. Toya qədər bir-birini tanısınlar. Oğlan qızın, qız oğlanın xasiyyətini götürsün. Baxsınlar ki alınacaqmı. Bir-birindən bezməyəcəklər ki.
Qız siqaretini külqabıya basıb qutudan digərini çıxardı. Çox yox, 3 ilə rəngi qara rəngdən boğulacaqdı.
-Bilirsiz.... ay dayı...bir söz deyim, amma xətrinizə dəyməsin...elə sizin kimi köhnələrin ucbatından bu günə qalmışıq da...Nişan, xınayaxdı, qazan açdı...toy gecəsi...Avropada isə bir-birini sevən cütlüklər bir ev tapıb girirlər içinə, bu da sənə birgə həyat. Uyğun oldusa, evlənirlər. Olmadısa, ayrılırlar. Amma evlənən  cütlükləri ayırmaq çətin olur. Orada elə cütlüklər var ki, 20-25 il yaşayırlar, amma nigaha ehtiyac yoxdur. Nigah xoşbəxtlik sözünün yanında heç nədir. Nigah buxovdur. Tərəfləri buxovlayır. 

Qızın çıxışı alqışlandı. Hamı kişinin uduzmasına pis oldu. Nə qədər olmasa da, cavan qız bir qocanı, gənclərin sözü ilə desək, sındırmışdı. Yaşlı yazıçı “ay-hay” edib paltosunu geyindi. Və son sözünü dedi. Anlaşıldı ki, qız heç də qalib gəlməyib. Və belə toqquşmalar gələcəkdə bitib-tükənməyəcək.
-Qızım, bilirsən Avropada niyə evlənmirlər?
-Desəz, bilərik.
-Çünki orda evlənmək və boşanmağın prosedur qaydaları çətindir. Əgər kişi boşanmaq ərizəsi veribsə, qadın “yox” deyirsə, onları boşamırlar. Və kişi ömürlük zəncirdə qalır. Birgə yaşayış - sən düşündüyün xoş mərama xidmət etmir. Sadəcə, nə qadınlar, nə kişilər, özlərini işə salmamaq üçün nigah bağlamırlar. El dili ilə desək, özlərini zibilə salmaq istəmirlər. Bizə baxma. Uzaqbaşı 3 ay vaxt verirlər. Sonra asanlıqla tərəfləri ayırırlar. Əgər Avropanın çətin evlilik qaydaları burda tətbiq edilsə, bir ildə 11-12 min boşanma qeydə alınmaz. Vəssalam. Mən gedim. Elə bildim, kitab müzakirəsi olacaq. Bilsəydim belə xırda mövzu müzakirəyə çıxarılacaq, gəlməzdim.