Qafqaz Universitetində “IV Gənclik şənliyi” keçirilib

qafqaz-universitetinde-iv-genclik-senliyi-kecirilib
Oxunma sayı: 646

Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir çərçivəsində universitetin geniş həyətində tələbələrin bədii və intellektual yaradıcılığının məhsulu olan əsərlərdən, rəsmlərdən, əl işlərindən, maketlərdən və s. ibarət sərgilər açılıb, köşklər quraşdırılıb. Bu köşklərdə tələbələr qrup-qrup əylənib, gitara çalır, mahnılar oxuyur, şeirlər söyləyiblər.
Universitetin rektoru Ahmet Saniç tələbələri, müəllimləri və dəvət olunmuş qonaqları təbrik edib. A. Saniç şənliyin ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunduğunu bildirib.

Sonra meydan istedadlı tələbələrə verilib. Universitetin rəqs kollektivi, müxtəlif bölümlərini təmsil edən tələbələr rəqslər, mahnılar, şeirlər ifa ediblər.

Tədbirdə universitetdə ənənəvi olaraq keçirilən "Qafqaz Universiteti ilin adamını seçir" layihəsinin nəticələri barədə məlumat verilib. Seçim zamanı "İlin elm adamı" nominasiyasına Azərbaycanı beynəlxalq aləmdə tanıdılmasında xüsusi xidmətinə görə - Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Professor Nərgiz Paşayeva, "İlin müəllimi” Qafqaz Universitetinin İş Dünyası ilə Əlaqələri üzrə prorektor Dos.Təyyar Mustafayev layiq görülüb.

Digər nominasiyalar üzrə qaliblərin adları da açıqlanıb. Nominantlara və onların nümayəndələrinə müvafiq diplomlar təqdim olunub. Proqram konsert proqramı ilə başa çatıb.

Nigar Məmmədli