“Qafqaz”lılar “Mesenat”ı oynadı

qafqazlilar-mesenati-oynadi-
Oxunma sayı: 670

Əli Əmirlinin milyonçu Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Mesenat” pyesinin sənətşünaslıq namizədi Zəminə Axundovanın quruluşu əsasında eyniadlı tamaşası alqışlarla qarşılanıb. Tələbə gənclərin ifasında Azərbaycanın XX əsr siyasi-ictimai və mədəni həyatında ömrünün sonunadək təmənnasız olaraq xidmət göstərən, millətin inkişafı yolunda fiziki və mənəvi gücünü, var-dövlətini əsirgəməyən böyük oğlu, mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin nəcib obrazı yenidən canlanıb.

Tamaşanın sonunda Abşeron rayon rəhbərliyinə, o cümlədən təhsil və mədəniyyət şöbələrinin rəhbərlərinə təşəkkürünü bildirən universitetin rektoru Ahmet Saniç xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişinin təhsillə, maariflə bağlılığını diqqətə çatdırıb. O, qeyd edib ki, bu millətin işıqlı gələcəyi elmdədir.

Tələbə-aktyorları hərarətlə alqışlayan və təbrik edən rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev, Mədəniyyət şöbəsinin müdiri İlham Manafov teatrlara marağın dar çərçivədə olmasına baxmayaraq, bu tamaşaya olan maraq və oyun tərzindən məmnun olduqlarını bildiriblər. Tamaşanı izləyənlər arasında universitetin müəllim heyəti də var idi.

Nigar Məmmədli