“Qalib olmaq üçün özümü öldürmürdüm” - Tağıyevin heykəlini o hazırlayacaq

qalib-olmaq-ucun-ozumu-oldurmurdum
Oxunma sayı: 2970

“Mən illlər əvvəl qarşıma məqsəd qoymuşdum ki,  Azərbaycanın görkəmli şəxsiyyətlərinə aid işlər görüm. Bu zaman əhalisi az olan, balaca bir  ölkəmizdə nə qədər dahi insanların olduğunu gördüm. Həmin şəxsiyyətlər içərisində Hacı ZeynalabdinTağıyevin də adı var idi”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı layihənin qalibi olan Xalq rəssamı Xanlar Əhmədov deyib.

Rəssam bu fikirlərin onda 10 il bundan qabaq  yarandığını qeyd edib: “Bu yaxınlarda isə Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqə elan olunduğunu gördüm. Mənə ən çox toxunan hisslər var idi ki, onu işləməliydim. Mən üç variantda layihə müsabiqəyə təqdim etmişdim. Onlardan biri o vaxt hazırladığım iş idi. Həmin iş də müsabiqədə qalib gəldi. 

Mən qalib olmaq üçün özümü öldürmürdüm.  Kənarda dayanıb müsabiqənin nəticəsini gözləyirdim. Qalib olmağımı da normal qəbul edirəm. Mənə elə gəlir ki, belə bir heykəlin öhdəsindən gələcəyəm. Hesab edirəm ki, bu heykəl Bakıda sayılıb seçilən heykəllərdən olmalıdır”.

Heykəlin  nə zaman hazır olacağına gəlincə isə, X. Əhmədov  bildirib ki, bunun üçün Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu  ilə görüşlər keçirməlidir: “Həmin qurumlar heykəlin nə vaxt hazır olması ilə bağlı qarşıma vaxt qoyacaqlar. Biz fəhlə babayıq. Nə vaxt desələr, heykəli də o vaxta çatdıracağıq”.

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 26 layihə təqdim olunmuşdu.

Günel Türksoy