Qalib Rəhimovun oğluna hökm oxundu

qalib-rehimovun-ogluna-hokm-oxundu
Oxunma sayı: 3960

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu, ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Arif Rəhimova hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə zərərçəkmiş Qalib Rəhimov dəymiş zərərlə bağlı hər hansı iddiası olmadığını deyib: "Mənim maşınım əzilib, bir işdi də olub. Təqsirləndirilən mənim oğlumdur, mən də zərərçəkənlərlə razılaşmaq üçün dəfələrlə cəhd etmişəm, amma razılığa gələ bilməmişik. Ölən şəxslərə də Allah rəhmət eləsin. Sizdən də ədalətli hökm verməyinizi istəyirəm". 

A.Rəhimovun vəkili isə müvəkkilinə minimum cəzanın verilməsini xahiş edib və dəyən zərərə görə zərərçəkmişlərin irəli sürdüyü mülki iddiaların təmin edilməməsini istəyib. 

A.Rəhimov son sözündə bildirib ki, zərərçəkənlər onun atasını günahkar çıxarırlar:  "Günahkar mənəm, orda oturan isə atamdır. Ondan nə istəyirlər? Əvvəlcə hadisəyə görə üzr istəyirəm, ölənlərə rəhmət, qalanlar şəfa diləyirəm. Mənə də ən aşağı həddə cəza verilməsini istəyirəm". 

Məhkəmə kollegiyasının hökmü ilə A.Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.

Onun idarə etdiyi "Subaru" markalı avtomobil atası Q.Rəhimova məxsus olduğu üçün o da zərərçəkmiş şəxs kimi tanınıb. 

Murad Əhməd