“Qalxın, jurnalist gəlir!”

qalxin-jurnalist-gelir
Oxunma sayı: 690

“Qafqazinfo”nun məlumatına görə, kitab “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin jurnalist fəaliyyətinə həsr olunub. Kitab daha çox Azərbaycan media ailəsində böyük rezonans doğuran - Azərbaycan Beynəlxalq Universitetinin qanunsuz fəaliyyətinə dair araşdırma yazılarına görə 2009-cu ilin aprelin 7-də Azərbaycan CM-nin 147 və 148-ci maddələri ilə təqsirləndirilərək Bakının Yasamal rayon Məhkəməsinin (hakim Tahir İsmayılov) hökmü ilə məhkəmə zalından həbs edilən və 1 il müddətinə azadlıqdan məhrum edilən baş redaktorun bundan sonrakı mübarizəli həyatından, həmçinin ictimai təşkilat olan Azərbaycan Mətbuat Şurasının qəzetə qarşı təpkilərindən, ümumiyyətlə, Azərbaycanda müstəqil mediaya qarşı təzyiqlərin və problemlərin səbəblərindən, bu sahədə hələ də davam edən mübarizəli və sınaqlı fəaliyyətdən və s. bəhs edir.

Kitabda həm də 2009-cu ildə jurnalist Asif Mərzilinin həbsindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin bu həbsə etiraz dolu rəsmi mövqeyi, beynəlxalq və yerli ictimaiyyətin, beynəlxalq jurnalist və insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların, Azərbaycanın çoxsaylı media orqanları və qurumlarının reaksiyaları, bunları əks etdirən mətbu yazılar, nəhayət, çağdaş araşdırma və tənqidi jurnalistikanın problemləri, bu problemlərin görünməyən tərəfləri öz əksini tapıb.

Kitab Azərbaycanda müstəqil, araşdırma və tənqidi jurnalistikanın hansı problemlərlə üz-üzə qalmasının konkret faktlar əsasında işıqlandırılması yönümündə də xüsusi önəm daşıyır və müasir tənqidi və müstəqil, tərəfsiz mətbuatımızın gələcək taleyi, mövcud problemlərin həllinin istiqamətləri barədə nəticəyə gəlməyə imkan verir.