“Qanunsuz ağac kəsənlər və heyvanlarla rəhmsiz davrananlar cinayət məsuliyyətinə cəlb olunmalıdır”

qanunsuz-agac-kesenler-ve-heyvanlarla-rehmsiz-davrananlar-cinayet-mesuliyyetine-celb-olunmalidir
Oxunma sayı: 910


Məsələ ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Hüquq İslahatları Mərkəzinin rəhbəri Anar Bağırov bildirib ki, bu cür könüllü təşəbbüslərin sayının çoxluğu hələ ki, təbiətin mühafizəsi sahəsində problemləri kökündən həll etmir. Bunun üçün dövlət tərəfindən müəyyən olunan zəruri hüquqi mexanizmlər həyata keçirilməlidir. Vəkil “yaxşı haldır ki, ölkəmizdə təbiətin və canlı ekosistemin mühafizəsi haqqında təkmil qanunvericilik bazası mövcuddur. “Bitki mühafizəsi haqqında”, “Heyvanlar aləmi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar, həmçinin Azərbaycan Respublikasının qoşulduğu beynəlxlaq konvensiyalar - “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabani flora növlərinin beynəlxalq ticarəti haqqinda” konvensiya, “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Avropa Konvensiyası və bu kimi çoxsaylı sənədlərin adlarını çəkmək olar” deyib. Vəkilə görə, təbiətin mühafizəsi sahəsində qeyri-qanuni əməllərin qarşısının alınması üzrə ən əsas qanunvericilik sənədləri İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsidir. Həmçinin həmsöhbət qeyd etmişdir ki, son illər İnzibati Xətalar və Cinayət məcəllələrinə edilmiş mütərəqqi dəyişikliklər təqdirəlayiqdir. Belə ki, Cinayət Məcəlləsində hətta meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kütləvi kəsilməsinə görə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Həmçinin İnzibati Xətalar Məcəlləsində, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimənin məbləği 25 manatdan 500 manata qaldırılmışdır. Məcəlləyə bu dəyişiklik 2013-cü ilin may ayının 31-dən qüvvədədir. Lakin görünən odur ki, cəzaların sərtləşdirilməsi belə faktların sayının azalmasına əhəmiyyətli təsir göstərə bilməyib.

Vəkillə söhbət zamanı sivil dünya ölkələrinin praktikasında artıq uzun illərdir ki, bitki örütüyünün və ağacların qanunsuz kəsiləməsinə qarşı cinayət məsuliyyətinin nəzərdə tutulması mövcuddur. Bu əsasən Qərb ölkələrinin təcrübəsinə aiddir. Təkcə onu demək kifayətdir ki, Çex Respublikasında ağacların mühafizəsi məsəsləsini tənzimləyən 400-dən artıq qanunvericilik aktı mövcuddur. Və ya Macarstanda meşə fonduna aid olmayan belə ağacın kəsilməsi 3 aylıq azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əfsuslar olsun ki, təbiətə bu cür həssas yanaşma halını post-sovet ölkələrinin qanunvericiliyində görə bilmirik.

Eyni zamanda heyvanlara rəhmsiz davarnışla bağlı qeyd olunmalıdır ki, onlara rəhmsiz davranışa görə cinayət məsuliyyəti nəzərdə tutulması, ümumiyyətlə, dünya tarixində heyvanlarla rəhmsiz davranışa qarşı ilk qanunvericilik aktının 1822-ci ildə Böyük Britaniyada qəbul olunması, hətta Avstriyada 2004-cü ildə qəbul olunmuş qanuna görə itlərin zəncirdə saxlanılmasının, şirlərin sirkdə istifadə olunmasının, it və pişik balalarının zoomaqazinlərdə cansıxıcı qəfəslərdə saxlanılmasının cinayət məsuliyyətinə səbəb olması haqqında maraqlı məlumatlar əldə olunmuşdur. Vəkilə görə, Almaniya dünyada ilk ölkədir ki, 2002-ci ildən heyvanların hüquqları Konstitusiya səviyyəsində qorunur və orada belə əməllərə görə 25000 avro həcmində cərimə də tətbiq olunur.

“Demək yerinə düşər ki, İspaniya, Fransa, Xorvatiya, Kanada, Finlandiya, hebelə post-sovet ölkələri olan Litva, Ukrayna, Latviya, Rusiya, Gürcüstan, Qazaxstan, Qırğızstanda bu cür əməllərə görə həmin ölkələrin cinayət məcəllələrində cəzalar nəzərdə tutulmuşdur. Məsələn, qonşu Gürcüstanda heyvanlarla rəhmsiz davranmaya görə bir ilədək islah işləri cəzası müəyyən olunub. Rusiyada analoji cinayətə görə bir ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə cəzası və iri məbləğdə cərimə nəzərdə tutulmuşdur.” deyə həmsöhbətimiz bildirib.

Sonda Anar Bağırov bidirdi ki, ağacların kəsilməsi, habelə heyvanlara rəhmsiz davranışın Azərbaycanda da kiriminallaşdırılmasının – cinayət qanunvericiliyinə əlavə edilməsinin vaxtı çoxdan gəlib çatmışdır. Azərbaycanın Cinayət Məcəlləsində heyvanların kütləvi məhvinə səbəb olan əməllərə görə cəza nəzərdə tutulmasına baxmayaraq tək-tək, kütləvi tələfata səbəb olmayan hallarda da cinayət qanunvericliyi ilə cəzanın müəyyən edilməsi zəruriliyi Vəkil tərəfindən bir daha vurğulandı. Həmçinin Vəkil, ağacların tək-tək kəsilməsi hallarının da cinayət qanunvericiliyi ilə cəzalandırılmasının əhəmiyyətli olduğunu və belə tədbirlərin insanları ekoloji tərbiyəsinə təsir etdiyini bildirdi.