Qanunsuz tikililərə görə həbslər başladı - Rəis müavini saxlanıldı

qanunsuz-tikililere-gore-hebsler-basladi
Oxunma sayı: 12323

Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Xaliq Məmmədov rayondakı qanunsuz tikililərə rəhbərlik etməkdə ittiham olunur. X. Məmmədov Xətai icra başçısı Razim Məmmədovun əmisi oğludur və rayondakı bütün tikililərə, o, nəzərət edib.

Qeyd edək ki, bir müddətdir Bakı Şəhər İcra Hakimiyyəti başçısının  müavini Eldar Əzizovun göstərişi ilə qanunsuz obyektlərin sökülməsi həyata keçirilir.

Dünən isə E. Əzizov prezidentin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından dərhal sonra Xətai rayonuna baş çəkib və qanunsuz tikililərin hamısını gəzib.

Xatırladaq ki, ötən gün prezident İlham Əliyev qanunsuz tikililərlə bağlı sərt mövqe bildirib. O qeyd edib ki, Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur: “Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.