Qapımızdakı canlı təhlükə

qapimizdaki-canli-tehluke
Oxunma sayı: 2152

Xuraman Hüseynzadə

İlk dəfə “Qaraca qız”ı oxuyanda bildim ilanın təhlükəli, qorxulu heyvan olduğunu. Sonra Ekzüperinin “Balaca Şahzadə”sində, Hessenin “Siddhartha”sında qorxdum ilandan. Bu sürünən canlı təhlükənin faciələr törətdiyi həyat hekayələri, filmlər yuxularıma da gəldi tez-tez.

Yay gələn kimi qulaqlarımız səsdə, gözlərimiz ekranlarda, monitorlarda olur: görəsən harda ilan sancmaları olub? Bir hadisə eşidən kimi əkində-biçində işləyən qohumlara, tanışlara dua edirik.

Yenə yay ilanlarını da götürüb gəlib görüşümüzə. Neçə gündü, xəbər proqramları bu təhlükə haqda danışır. Az qala hər gün neçə insanın ilanların “terroru” ilə üz-üzə qalmasını eşidirik. Kəndlərdə, rayonlarda günbəgün artan bu canlı təhlükə paytaxtda da çoxalmaqdadı.

Bakıətrafı rayonlarda, kəndlərdə, xüsusən Binəqədidə sürətlə çoxalan ilanlarla mübarizəyə başlayan yoxdu. Aidiyyatı qurumlar xəbər proqramlarında da görmür ilanlarla bir evdə, bir həyətdə yaşayan sakinləri?..

İki il öncə həyətimizdə sarı bir ilan gördük. O vaxtdan bəri qorxuruq həyət-bacada çox gəzməyə. Yayın günü qapılırıq dörd divar arasına. Gül-çiçəkli, yamyaşıl bağ-bağçamızda oturub bir stəkan çay içməyə ürək eləmirik.

Son günlər yenə qapıda çoxlu oyuqlar görürük. Bir ucdan daş-kəsəklə bağlayırıq bu oyuqları, o biri tərəfdən yenə artır. Səs-küy salıb qonum-qonşunu qorxutmuruq. Amma hamının yerinə qorxuruq.

Xətai rayonu, Şahin Səmədov küçəsində yaşayırıq. Nə bilirik, sabah bu sürünən “terrorçular” faciə törətməyəcək? Cəbhə bölgəsində yaşamırıq ki, ermənilərdən qorxmayaq, silaha sarılıb torpağımız uğrunda mübarizəyə hazır olaq.

Bakının mərkəzində təhlükə ilə üz-üzəyik. Nə qədər bizim kimi təhlükə ilə qol-boyun yaşayanlar var. Bu, həyat, yaşayış deyil. Qorxu içində yaşamağın nəsə başqa bir adı olmalıdı...

Hara gedək, kimə deyək dərdimizi, bilmirik.

Biz indoneziyalı müğənni İrma Byul kimi ilanlarla oynamırıq ki, bir gün onların qurbanına çevrilək. Öz evimizdə rahat yaşamaq istəyirik.

Kredit, kasıblıq, çörək dərdi bir yandan qorxu içində yaşamağa məcbur edir adamları, sürünən “terror” da o biri yandan.

Hansının dərdini çəkək?..