““Qara bazar” elə sürətlə inkişaf edib ki...”

““Qara bazar” elə sürətlə inkişaf edib ki...”
Oxunma sayı: 2590

Maliyyə Bazarlarına Nəzarət Palatası yanvarın 5-də “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı  təsdiqləməklə “exchange”lərin fəaliyyətinə yaşıl işıq yandırdı. Yeni qaydalarda şərtlər kifayət qədər sərtləşdirilsə də,  hələ də paytaxt küçələrində valyutadəyişmə məntəqələrinin (VDM) açılması müşahidə olunmur. Bəs görəsən, VDM-lərin açılması niyə bu qədər gecikir? Sahibkarları bu sahəyə yatırım etməkdən çəkindirən səbəb nədir?

Qeyd edək ki, şərtlərdən biri də  odur ki, valyuta dəyişmə əməliyyatları ilə məşğul olmaq istəyənlər lisenziya almalı, 50 min dollar və 50 min manat həcmində kapital qoyuluşu həyata keçirməlidirlər. Güman olunur ki, bu məbləğdə bir vəsaitin ilkin mərhələdə tələb olunması da investorları çəkindirən əsas amillərdən biridir.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında hazırda  bu fəaliyyət növünə marağın az olduğunu dilə gətirib: “Qanun qəbul olunub, artıq valyutadəyişmə məntəqələri lisenziya alıb fəaliyyət göstərə bilərlər. Ancaq bu sahəyə maraq yoxdur. O cümlədən, bankların da VDM-lərə marağı yoxdur. Ancaq  Azərbaycana turist axını artdığından şənbə və bazar günləri müəyyən qədər problem yaranır. Ona görə də əgər banklar öz valyutadəyişmə məntəqələrinin şənbə və bazar günü də işləməsini təmin edə bilsə, burada heç bir problem olmaz. Bütün dünyada şənbə və bazar günlər də ”exchange"lər fəaliyyət göstərir. Yəni istənilən vaxt  valyuta dəyişmək mümkündür. Ancaq əgər bunu edə bilmirlərsə, VDM-lər üçün normal şərait yaradılmalıdır ki, onlar işləyə bilsinlər. Qanun layihəsində elə bir ciddi problem yoxdur. Yeganə olaraq, 50 min manat depozit qoyulması məsələsi var. Gözləyirik ki, “exchange”lər işə düşsün və görək ki, bu qanun işləyir ya yox. Hələ ki VDM-lərin fəaliyyəti müşahidə olunmur. Mən görməmişəm ki, haradasa valyutadəyişmə məntəqəsi işləsin. Bir də ola bilər ki, qara bazarda  valyutadəyişmə  elə yüksək sürətlə inkişaf edib ki, heç “exchange”lərə ehtiyac qalmayıb".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi