Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, UEFA Çempionlar Liqasında çıxışını başa vuran Azərbaycan çempionu "Qarabağ" da mübarizəni Avroliqada davam etdirir. Ağdam klubu bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda Moldova “Şerif”i ilə mübarizə aparır.
Komandamız səfərdə keçirdiyi ilk oyunda bu rəqibinə minimal hesabla uduzub. Bu üzdən də mərhələ adlamaq üçün Ağdam təmsilçisi bu görüşdə azı 2 top fərqi ilə qalib gəlməlidi.
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
30 avqust
21:00. "Qarabağ" - "Şerif"
İlk oyun 0:1.
Hakimlər: Aleksandr Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (hamısı Makedoniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
***
Komandaların start heyətləri açıqlanıb:
“Qarabağ”: 13. Vaqner, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 77. Donald Gerrye, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 7. İnnosent Emeqara
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev
“Şerif”: 33. Sergey Paşçenko, 15. Kristiano, 23. Vladimir Kovaçeviç, 90. Vyaçeslav Posmak, 55. Mateo Suşiç (k), 4. Petru Raku, 88. Rifet Kapiç, 18. Georgi Anton, 9. Jo Santos, 97. Aleksandru Boyçuk, 39. Zigi Badibanqa
Ehtiyat oyunçular: 21. Çebotar, 7. Rodriqes, 8. De Noeyer, 14. Balima, 19. Paliç, 35. Kulişiç, 45. Kamara
***
Matç başladı.
***
"Qarabağ" 9-cu dəqiqədə hesabı açdı. Zubirin sol cinahda reydindən sonra ötürməsini Medvedev baxımlı zərbə ilə qola çevirib.
***
Qoldan sonra ruhlanan "Qarabağ" təzyiqlərini artırıb. Bir epizodda Mədətovun gözəl zərbəsini qapıçı çətinliklə də olsa xilas edib.
***
23-cü dəqiqədə ikili mübarizədə "Şerif"in futbolçusu Aleksandru Boyçuk kobud oynasa da, yerə düşərkən qolundan və çiynindən ciddi zədə alıb. O, sarı kartla cəzalandırılıb, həm də zədə səbəbindən oyuna davam edə bilməyib. Boyçukun yerinə Kamara daxil olub.
***
31-ci dəqiqədə "Şerif"in daha bir futbolçusu sarı kartla cəzalandırılıb. Petru Raku Slavçevə qarşı kobud oynayıb.
***
42-ci dəqiqədə "Qarabağ" fərqi ikiyə çatdırdı. Gerye künc zərbəsindən ötürməni başla qapıya göndərdi.
***
Komandalar fasiləyə "Qarabağ"ın 2:0 üstünlüyü ilə yollanıblar.
***
İkinci hissə başladı.
***
İkinci hissəyə də sürətli hücumlarla başlayan təmsilçimiz qısa zamanda növbəti qolu vurub. 56-cı dəqiqədə Filip Ozobiçin uzaqdan möhtəşəm zərbəsi qapıya daxil olub. Beləliklə, "Qarabağ" 3:0 hesabı ilə öndədir.
***
76-cı dəqiqənin ilk saniyələrində "Qarabağ"ın qapıçısı Vaqner komandasını 100 faizlik qoldan xilas edib. Cərimə zərbəsindən ötürülən topu müdafiəçilərin nəzarətindən yayınan Kristiano qapıya göndərib. Lakin Vaqner sayıqlığını itirməyərək topu qaytara bilib.
***
Matçda başqa qol vurulmadı.. Beləliklə, 3:0 hesabı ilə qalib gələn "Qarabağ" Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazandı. Bunlardan 4-ü Avropa Liqasının, 1-i isə Çempionlar Liqasının qrup mərhələsidir.
Fotolar: Pərvin Zeynal