““Qarabağ” bu komandaya 2 dəfə uduzan deyil...”

qarabag-bu-komandaya-2-defe-uduzan-deyil
Oxunma sayı: 644

Təcrübəli mütəxəssis Ağasəlim Mircavadov yarımfinal mərhələsinin cavab görüşləri ilə bağlı fikirlərini “Qafqazinfo”ya bildirib. Ağasəlim Mircavadov “Qarabağ”ın finala daha yaxın olduğunu düşünür: “Bu oyunda “Qarabağ”ın şansı daha çoxdur. Ağdamlılar ilk oyunda qalib gəlib və indi doğma meydanda oynayacaqlar. Doğrudur, bir neçə gün əvvəl çempionat oyununda “Bakı” “Qarabağ”ı məğlub etdi. Lakin düşünürəm ki, “Qarabağ” eyni rəqibə iki dəfə uduzan deyil. Bu səbəbdən onların finala adlayacağını düşünürəm. Yenə də futbolda heç nəyi əvvəlcədən bilmək olmur. Dünən “Çelsi”nin finala çıxacağını heç kim gözləmirdi. Futbolun özünəməxsusluğu da məhz bundadır”.

65 yaşlı sabiq baş məşqçi “Neftçi” – “İnter” oyununda daha istəkli tərəfin qalib gələcəyini düşünür: “Bu oyun haqqında nəsə demək çətindir. İlk oyunda qeydə alınan nəticə - 0:0 heç kimə sərf etmir. Lakin bir məqamı nəzərə almalıyıq. “Neftçi” səfərdə qol vura bilməyib. Bu oyunda “İnter” qol vursa, “Neftçi” bunun əvəzini 2 topla verməlidir. Buna baxmayaraq “Neftçi”nin şansı az deyil. Onlar neçə ildir ki, kuboku qazana bilmirlər. Üstəlik, bu mövsüm “qızıl dubl” etmək şansı da var. Ümumiyyətlə, bu oyunda kim daha istəkli olsa, o, qələbə qazanacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Bakı” oyunu saat 16:00-da, “Neftçi” –“İnter” qarşılaşması isə 17:20-də başlanacaq.

Ceyhun Əhmədov