““Qarabağ” indi daha güclüdür” - Emeqara

qarabag-indi-daha-gucludur
Oxunma sayı: 4546

"Qarabağ"ın hücumçusu İnnosent Emeqara Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Kukesi" ilə cavab oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

"Qafqazinfo" xəbər verir ki, Nigeriya əsilli isveçrəli forvard əvvəlcə qələbə qazadıqları oyunu dəyərləndirib:

- Keyfiyyətimi ortaya qoymaq istəyirdim. Bunu hamı gördü. Komanda üçün çalışırdım. İstəyirdim ki, qələbə qazanaq və bunun üçün əlimdən gələni etdim. Baş məşqçidən tapşırıq belə idi ki, bir yerdə oynayaq, topu qazananda da, itirəndə də.

- Bir oyunda komandanıza 3 penalti qazandırdığınızı xatırlayırsınız?
- Rəqib müdafiəçilər üçün çox çətin oldu. Onlar mənim qarşımı kəsmək üçün yol axtarırdılar. İşləri ağır oldu.

- III mərhələdə BATE ilə qarşılaşacaqsınız. Həmin oyunlarla bağlı fikriniz necədir?
- Bu oyunun asan olacağını düşünmürdük. Bu matçı asan edən biz olduq. Növbəti rəqib daha çətin olacaq. Daha keyfiyyətli oyunçuları var. 1 həftədir ki, komandaya qoşulmuşuq. Müəyyən qədər vaxtımız var ki, daha yaxşı uyğunlaşaq.

- İkinci penaltini Qurban Qurbanov sizin vurmağınıza icazə vermədi. Buna üzülmədinizmi?
- Baş məşqçinin yerində mən də olsaydım, eyni qərarı verərdim. Onun qərarını hörmətlə qarşılayıram.

- “Qarabağ”dan 4 il öncə qısa müddət oynayaraq ayrılmışdınız. “Qarabağ” Avropa Liqasının və Çempionlar Liqasının qrupunda oynadı. Qərarınıza görə peşman olmadınız?
- 4 il əvvəl artıq keçib. Ailəmlə bağlı məsələ idi. Həmin qərar mənim üçün də çətin olub. Mənə görə ailə hər şeydən əvvəl gəlir. Ayrılmağın səbəbi də bu olub.

- İndiki “Qarabağ”la 4 il əvvəlki komandada fərq var?
- Bunu müqayisə etmək üçün bir az vaxt lazımdır. Həmin dönəmdə də güclü heyətimiz var idi. İndiki komandamız daha yaxşıdır. Hər mövqeydə 2-3 futbolçu oynayır.

- “Qarabağ”dan müəmmalı getmişdiniz. Düşünmürdünüz ki, geri dönəndə sizi yaxşı qarşılamaya da bilərlər?
- Məşqçi heyətini və futbolçuları yaxşı tanıyırdım. Təklif gələndə bir müddət düşündük və ailəmlə qərar verdim. “Qarabağ” Azərbaycanda ən yaxşı komandadır. İnanıram ki, Avropa Liqasının və Çempionlar Liqasının qrup mərhələsində yenə də çıxış edəcəyik. Bura tam qəlbimlə gəlmişəm.