““Qarabağ” növbəti matçlarda da rəqiblərinə başağrısı olacaq” - “Vorskla”nın baş məşqçisi

qarabag-novbeti-matclarda-da-reqiblerine-basagrisi-olacaq
Oxunma sayı: 2208

“Qarabağ”ın futbolçuları sürətli və texnikalıdı”.

“Qafqainfo” Sportal.az-a istinadən xəbər verir ki, bu sözləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko “Qarabağ”a 0:1 hesablı məğlubiyyətdən sonra deyib:.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Saçko fikrini bu sözlərlə davam etdirib:

“İlk hissədə qapımız qarşısında onlar yox, özümüz təhlükəli vəziyyət yaratdıq. Penaltiyə səbəb olduq. Futbolçular çox səhv etdi, sürətdə, top uğrunda mübarizədə uduzurduq. Topa sahib ola bilmirdik. İkinci hissədə vəziyyəti bir qədər normallaşdırdıq. Əllərindən gələni etdilər. Amma biri var çalışmaq, biri var reallaşdırmaq”.

- Arturu start heyətində meydana buraxmağınız nə ilə bağlı idi? Bu qərar bizi təəcübləndirdi...

- Artur texnikalı futbolçudu. Düşünmürəm ki, çox pis oynadı. Bu, mənim qərarımdı. Hədəfim o idi ki, futbolçu oyuna daha yaxşı köklənsin. Hücuma tez qoşula bilir. Düzdü, böyük səhv etdi, hansı ki, buna haqqı yox idi. Amma onun cinahından hücumlarımız, zərbələrimiz oldu. Amma rəqib də çox ağıllı oynadı, bizə imkan vermədi. Həm müdafiədə, həm də hücumda yaxşı çıxış etdilər. Biz bu halı müzakirə edəcəyik və həll edəcəyik.

- Əvəzləmələrlə nə etməyə çalışdınız?

- Daha aqressiv oynamalı idik. Sürətdə uduzduq. Rəqib daha texnikalı oyun göstərdi, bizə imkan vermədi. “Qarabağ” ilk hissədə çox təzyiq etdi. Hətta oyuna nəzarəti itirmək təhlükəsi var idi. Bu üzdən dəyişikliklə oyunu canlandırmağa çalışdıq. Komandanı biz hazırlaşdırırıq, kimin start heyətində meydana çıxmasına biz qərar veririk. Kim daha hazırlıqlı olursa, o da meydana çıxır.

- Yayda əcnəbi oyunçu dəvət etmişdiniz. Onların performansından məmnunsunuz?

- Təəssüf ki, həmin futbolçular çempionat ərəfəsində gəldilər. Hazırlıqda iştirak etmədilər. Heyətdə təcrübəli futbolçularımız çoxdu. Gənc oyunçularımız isə istedadlıdı. Onlar bizimlə məşq etməlidilər. Bizdə heyəti baş məşqçi müəyyənləşdirir. Heç kimə güzəşt edilmir. Sadəcə, təlim-məşq toplanışı çox önəmlidi. Oyunçu öz üzərində çalışmalıdı, ona verilən şansdan lazımınca yararlanmalıdı. Gənclər komandada rəqabəti artırıb. Bu gün uduzduq, əhvalımız çox pisdi. Amma unutmayaq ki, çox güclü komandaya uduzduq.

- Məğlubiyyətə layiq idinizmi?

- “Qarabağ” ilk hissədə yaxşı oynadı, oyuna nəzarət etdi. İmkanlar yaratsaq da, istifadə edə bilmədik. “Qarabağ” çox güclü komandadı, əlinə düşən şansdan yararlandı. Amma oyun bərabərə bitsəydi, daha ədalətli olardı.

- Bu gün qapıya zərbələrinizin sayı çox az idi. Bu, nə ilə bağlıdı?

- Rəqibdən çox şey asılıdı. Rəqiblərə qarşı hazırlaşmaq lazımdı. Nəzərə alaq ki, meydança sürüşkən, hava soyuq idi. İkinci hissədə “Qarabağ” müdafiəyə oturdu və bizə hücum imkanı vermədi. “Qarabağ” çox güclü komandadı, belə oyunlara hazırlıqlıdı. Əminəm ki, onlar növbəti matçlarda da rəqiblərinə başağrısı olacaq. Qələbə qazanmaq istəyirdik. Amma ustalıq səviyyəsi bu gün istədiyimiz kimi olmadı. Uşaqlar çox çalışdılar. Bəzi anlarda ustalıqda uduzduq, təcrübə çatmadı. Səhvlərimizi görürük və bunları düzəltmək lazımdı. Qol vurmaq üçün çox zərbə vurmaq lazımdı.