“Qarabağ” Poltava səfərindən qalib qayıdır - Yenilənib

qarabag-poltava-seferinden-qalib-qayidir
Oxunma sayı: 6883

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq.

E qrupunda yer alan Ağdam təmsilçisi əvvəlki hər üç oyununda məğlub olub. "Köhlən atlar” səfərdə "Sportinq”ə 0:2, Bakıda "Arsenal”a 0:4, "Vorskla”ya isə 0:1 hesabı ilə uduzub. Son oyunda "Qarabağ"ı məğlub edən Poltava təmsilçisi isə səfərdə "Arsenal"a 2:4, evdə "Sportinq"ə 1:2 hesabı ilə məğlub olub.

Ağdam klubu bu görüşdə rəqibinə məğlub olsa növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaq. Bu üzdən də Qurbanovun yetirmələri məhz Poltavada ilk qol və xal sevincini yaşamağa köklənib.

Qrupun digər oyununda İngiltərə "Arsenal"ı Portuqaliya "Sportinq"ini qəbul edəcək. 

Avropa Liqası
E qrupu, 4-cü tur
8 noyabr

00:00. Vorskla - Qarabağ
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Bekim Zoqay, Ştefan De Almeyda
Dördüncü hakim: Raffael Tseder
Əlavə köməkçi hakimlər: Alen Byeri və Lukas Fandrix (hamısı İsveçrə)
Poltava. Aleksey Butovski adına stadion.

***

 Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Vorskla”: 1.Boqdan Şust, 4. İqor Perduta, 5. Nacib Yakubu, 6. Aleksandr Sklyar, 10.Vladislav Kulaç, 11.Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov (k), 26. Yuri Kolomoeç, 33. Aleksandr Çijov, 66. Artur, 82. Pavel Rebenok

Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 3. Andro Giorqadze, 9. Mixail Serqiyçuk, 14. Nikolas Kareka, 23. Vadim Sapay, 40. Taras Sakiv, 44. Ardin Dalku,

“Qarabağ”: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev,  14. Rəşad Sadıqov, (k), 52 Jakub Jezniçak, 77. Donald Gerye, 17. Abdullah Zubir, 6 Simeon Slavchev, 8. Míchel 9 Araz Abdullayev, 28. Con Delarj

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

***

Matç başladı.

***

Araz Abdullayev 13-cü dəqiqədə (penalti) hesabı açdı. “Qarabağ” 1-0 hesabı ilə öndədir.

***

Komandalar fasiləyə yollandı.

*** 

İkinci hissə başladı.

***

50-ci dəqiqədə yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi, onları meydana atmasına görə hakimlər görüşü bir neçə dəqiqəlik dayandırmaq məcburiyyətində qalıb. Oyun bir neçə dəqiqədən sonra davam etdirilib. 

64-cü dəqiqədə yenidən meydana pirotexniki vasitələr atılıb. Bu dəfə hakim futbolçuları meydandan çıxarıb. Komandalar paltardəyişmə otaqlarına yollanıblar. Stadionu isə tüstü bürüyüb. Stadionda xəbərdarlıq anonsu verilib. 8 dəqiqə sonra komandalar meydana qayıdıblar və matç yenidən davam etdirilib.

***

Oyun Ağdam təmsilçisinin qələbəsi ilə bitdi.