““Qarabağ” Portuqaliya nəhəngləri ilə eyni səviyyədədir” - Vaqner

qarabag-portuqaliya-nehengleri-ile-eyni-seviyyededir
Oxunma sayı: 2176

““Qarabağ” Azərbaycanın ən böyük klubudur. Klubda hər şey əla təşkil olunub. Azərbaycan klubu  Portuqaliya nəhəngləriylə eyni səviyyədədir. Ötən mövsüm “Qarabağ” çempionatda 16 xallıq fərqlə birinci yeri tutub. Avrokubokların qrup mərhələlərində çıxış edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Portuqaliya mətbuatına açıqlamasında “Qarabağ”ın qapıçısı Vaqner da Silva deyib. Braziliyalı qolkiper Portuqaliya Premyer Liqasında “Sportinq”ə qarşı keçirdiyi oyunları yada salıb: ““Sportinq”ə qarşı 7 dəfə oynamışam və 2 dəfə uduzmuşam. “Xose Alvalade” stadionunda oynamaq çox xoşdur. Mən burada qələbə hissləri yaşamış şəxsəm”.

32 yaşlı qapıçı “Qarabağ”ın Avropa Liqasındakə şansları və “Sportinq”lə keçirəcəkləri matç barədə danışıb: ““Arsenal”la "Sportinq" qrupda favoritdir. Ancaq bizim də həvəsimiz, istəyimiz var. Boş oturmaq istəmirik. Hədəflərimiz var. Doğma divarlar arasında güclü azarkeş dəstəyilə yaxşı çıxış edirik. Mən Portuqaliyada çıxış edərkən “Eştoril”lə "Boavişta"da əla təcrübə qazanmışam. "Sportinq"in demək olar, bütün futbolçularını tanıyıram. Yalnız Luiş Nani ilə üz-üzə gəlməmişəm. İki topla oynamağı sevən komandanın mübarizəsində azarkeşlər gözəl matça şahidlik edəcəklər. "Sportinq"in hansısa futbolçusundan çəkinmirəm. Bizim yaxşı komandamız var”.
 
Vaqner “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə bunları deyib: “Qurban Qurbanovun casusu deyiləm. O, rəqibləri analiz etməkdə mahirdir. Azərbaycanda “Qarabağ”ın oyununu təhlil edib, dayandırmağı bacaran yoxdur. Burada istədiyimiz dəstəyi alırıq. Qurban Qurbanov həm də Azərbaycan millisinin baş məşqçisidir”.
 
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Sportinq” – “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq.