Qarabağ problemi Obama və Putinə mane olmur

qarabag-problemi-obama-ve-putine-mane-olmur-
Oxunma sayı: 729



ABŞ, Rusiya və Fransa prezidentlərini Belfastda daha ciddi müzakirələr gözləyirdi. ABŞ və Rusiya prezidentləri Barak Obama ilə Vladimir Putin bir saat ərzində Suriya, iqtisadi-ticarət əməkdaşlığını və iki ölkə arasındakı siyasi gərginliyin azalması yollarını müzakirə etməliydilər. Onların Dağlıq Qarabağ problemiylə bağlı hətta bir neçə dəqiqəlik fikir mübadiləsi aparması belə fiziki cəhətdən mümkün deyildi. Dağlıq Qarabağla bağlı bir neçə gün öncədən hazırlanan ortaq bəyanat isə prezidentlərin avtomatik imzaladıqları sənədlərdəndir. Təsadüfi deyil ki, Belfast sammitini və görüşləri işıqlandıran agentliklər ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı imzaladıqları ortaq bəyanat haqqında bircə cümlə belə xəbər yayınlamadılar. Halbuki, Belfastda imzalanan bu sənəd ABŞ-la Rusiya prezidenlərinin razılaşdıqdıqları və heç bir mübahisə doğurmadığı yeganə sənəd idi.
ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatına Azərbaycan və Ermənistandan iki fərqli reaksiya gəldi. Ermənistanın xarici işlər naziri Evdard Nalbandyan bəyanatdakı prezidentlərin bütün cümlələrini nöqtəsindən vergülünə qədər bəyəndiklərini açıqlayarkən, Yeni Azərbaycan Partiyası sədrinin müavini, deputat Əli Əhmədov isə əksinə ATƏT-in Minsk Qrupu həmsədrlərinin 20 illik uğrusuz fəaliyyətlərindən sonra məsuliyyəti tərəflərin üzərinə yükləmək istədiyini bildirdi. Görünür, İrəvan ABŞ, Rusiya və Fransa prezidentlərinin ortaq bəyanatını dərhal bəyənməklə beynəlxalq aləmə belə bir mesaj ünvanlamağa çalışıb ki, Ermənistan həmsədrlərin hazırladıqları planı qəbul etmək istəyir və sülhə də hazırdır, danışıqlaq prosesini pozan isə Azərbaycandır.
Əslində ABŞ, Rusiya və Fransa prezidentlərinin irəli sürdükləri və “gücdən istifadə etməmək, ərazi bütövlüyü və xalqların özmüqədərratlarının təyin etmək hüququ” prinsiplərindən 3-ü də işləmir. Bölgədə atəşkəsə riayət olunmursa, bu münaqişənin gücdən istifadə etməklə həlli perspektivini gündəmdən çıxarmır. Əzələ nümayişini daha çox Azərbaycan həyata keçirir. Bu da ondan irəli gəlir ki, Azərbaycan indiki status-kvonu dəyişməyə çalışır. Məhz buna görə rəsmi Bakı snayperlərin atəşkəs bölgəsindən geri çəkilməsinin əleyhinədir və bu istiqamətdə beynəlxalq vasitəçilərin təkliflərini rədd edir. Ermənistan isə əksinə həm atəşkəsə riayət etməkdə, həm də snayperlərin qarşılıqlı geri çəkilməsində maraqlıdır, çünki vaxtın xeyrinə işlədiyini düşünür. Ona görə də atəşkəsin qorunması, snayperlərin qarşılıqlı olaraq geri çəkilməsi və xalqların sülhə hazırlanması məsələsində Ermənistan hakimiyyətinin mövqeləri həmsədlərin – ABŞ, Rusiya və Fransa prezidentlərinin mövqeləri ilə üst-üstə düşür. Ancaq digər iki prinsip də işləmir. Azərbaycan ərazi bütövlüyünün xalqların özmüqədərratlarının təyin etmək hüququndan üstün olduğunu, Ermənistan isə əksini idda edir. Belə bir şəraitdə isə aydındır ki, danışıqlarda irəliləyiş əldə etmək mümkün deyil. Heç böyük dövlətlər də münaqişənin həllini sürətləndirmək həvəsində deyillər, başları daha ciddi problemlərin həllinə qarışıb, Qarabağ probleminin varlığı
onlara mane olmur. Əksinə Dağlıq Qarabağ münaqişəsinin varlığı hər birinin müəyyən geosiyasi maraqlarına xidmət edir. Rusiya Qarabağ problemi vasitəsilə Ermənistan üzərindəki nəzarətini qoruyur və artırır, Azərbaycana isə təzyiq edir. ABŞ enerji və təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığını genişlənidirir. Dağlıq Qarabağ problemi həll olunarsa Azərbaycanın xüsusi olaraq ABŞ-la hərbi əməkdaşlığını genişləndirməyə və Rusiya ilə münasibətlərdə anlaşmazlıqlara da ehtiyac qalmaz. ABŞ və Rusiyanın planlarını poza biləcək yeganə durum Dağlıq Qarabağda yeni savaşın başlaması ola bilər. Ona görə də həm Vaşinqton, həm də Moskva indiki durumda sadəcə atəşkəsin qorunmasında maraqlıdırlar.


“Atlas” Araşdırmalar Mərkəzi